Həkim məsləhəti


Dr. Bayramova Təranə - Mama-ginekoloq

 

Histerektomiya üsulları haqqında müasir düşüncələr

Histerektomiyalar-qadın daxili cinsiyyət üzvlərinin cərrahi və onkoloji xəstəliklərinə görə icra olunan iri­həcm­li əməliyyatlar içərisində ilk yerlərdən birini tutmaqdadır. Son 2 yüzillik ərzində vaginal histerektomiya, sonuncu onillikdə isə laparoskopik histerektomiya uğurla həyata keçirilməkdədir. ABŞ-da böyük ginekoloji əməliyyatlar arasında histerektomiya əməliyyatları ən çox tətbiq edilənidir.

Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı, yerli və ümumi ağırlaşmaların rastgəlmə tezliklərinin aşağı həddlərdə olması, əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması və əmək qabiliyyətinin erkən müddətlərdə bərpası ilə seçilir. Bu əməliyyatlar az travmatik olub, əməliyyat sonrası qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar olunmur, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul hesab edilir.

Yeni elmi araşdırmaların nəticələrinə görə vaginal histerektomiya abdominal histerektomiyadan daha üstün üsul hesab olunur. Ancaq vaginal histerektomiyanın icrası mümkün olmayan hallarda laparoskopik histerektomiyanın icrasına təşəbbüs göstərmək lazım gəlir. Vaginal yoldan giriş və histerektomiya xeyli ucuz başa gəlir. Lakin anamnezində adneksial kütlə, daxili endometrioz, kiçik çanaqda ağrıları  olan xəstələrdə, dar uşaqlıq yoluna malik olan qadınlarda, həmçinin əvvəllər abdominal cərrahi əməliyyatlar keçirmiş şəxslərdə vaginal yolla əməliyyat əks-göstərişdir.

10 ildən çoxdur ki, laparoskopik histerektomiya geniş şəkildə tətbiq edilir və gedərək artmaqdadır. Histerektomiyanın olunmasına dair göstərişlər American College of Obstetricians and Gynecologists kriterinə görə 5 bəndə qruplaşdırılır.

1. Kəskin xəstəliklər (Hamiləlik ağırlaşmaları, ciddi ifeksiyalar, cərrahi ağırlaşmalar);

2. Xoşxassəli xəstəliklər (Leyomioma, endometrioz, adenomioz, xroniki infeksiya, adneksial    kütlə);

3. Xərçəng və xərçəngönü xəstəliklər (İnvaziv xərçəng, preinvaziv xəstəlik);

4. Diskomfort verən xəstəliklər (Xroniki ağrı sindromu, pelvik relaksasiya, sidik stress inkontinansı, anormal uşaqlıq qanaxması);

5. Daha yüngül vəziyyətlər ( Sterilizasiya, xərçəngin profilaktikası)

     Laparoskopik histerektomiyadan imtina düşüncəsi isə əsasən laparoskopiyanın başlanğıc mərhələsində, hazırda isə videoskopik cərrahiyyə təcrübəsi olmayan və ya az olan klinikalarda formalaşmışdır. Bu düşüncə tərəfdarlarının əsas arqumentləri bahalı olması, əməliyyat müddətinin açıq üsulla nəzərən uzun olması, ağırlaşma ehtimalının yüksək olma «qorxusu» idi. Bununla birlikdə digər ginekoloji laparoskopik müdaxilələrdən fərqli olaraq laparoskopik histerektomiyanın texniki tərəflərinin standartlaşmaması da bu üsulun tətbiqini əngəlləməkdə idi. Lakin laparoskopik təcrübənin artması bu arqumentlərin əksəriyyətinin əsassız olduğu isbatladı və hazırda laparoskopik histerektomiyadan imtina edənlərin tərəfdarları azlıq təşkil etməkdədir. Laparoskopik histerektomiyanın tətbiqinə seçici münasibət son illərə qədər hakim olan düşüncə idi və bu üsulun elmi-praktik inkişafında mühüm mərhələ saymaq olar.

Laparoskopik histerektomiya xəstələr üçün  təhlükəsiz və effektli azinvaziv radikal endocərrahi müalicə üsuludur. Arzu edilən estetik görünüş, intraoperasion qan itkisinin olmaması və ya minimal həcmlərdə olması, əməliyyatdan sonrakı yerli və ümumi ağırlaşmaların tezliyinin aşağı həddlərdə müşahidə edilməsi, əməliyyatın, ümumilikdə müalicə prosesinin qısamüddətli olması, əməliyyatönü dövrün və müalicə prosesinin böyük hissəsinin ambulator şəraitdə aparılması, müalicə xərclərinin azalması laparoskopik histerektomiyanın birmənalı üstünlüklərindəndir. İxtisaslı kadrların hazırlanması, klinik təcrübənin toplanması və daim zənginləşməsi, yeni endocərrahi texnologiyaların, alətlərin və avadanlıqlaın endoskopik cərrahi arsenala daxil olması, mövcud vasitələrin modernləşdirilməsi, yeni endoəməliyyat üsullarının və ya əməliyyatın ayrı-ayrı etaplarının təkmilləşdirilməsi endocərrahlığın qüsurlarını və ağırlaşmalarını aradan qaldırmağa geniş imkanlar açmaqdadır.