Həkim məsləhəti


Kərimova Sevinc - Dermatoveneroloq

 

      Mən sizə əhali  arasında çox  narahatçılıq törədən  bir  dəri  problemindən  məlumat vermək  istəyirəm. Mövzumun  əsası  xalq  arasında “ət  xallar” adı  ilə  tanınan müxtəlif  dəri  törəmələridir .

 Müxtəlif etiologiyalı dəri  törəmələri  məlumdur  ki, bunların  da  hamısı dəri  patologiyalarına  aid  edilir. Dəri törəmələri bir  neçə qrupa  bölünür:  xoşxassəli, bədxassəli , xərcəngönü törəmələr. Dərinin  hansı  hüceyrə   qatından  inkişaf  etməsinə  müvafiq  olaraq , dəri  törəmələri papilloma , epitelioma, bazalioma, bazal  hüceyrəli  karsinoma, nevus və s.  adlanırlar. Həmçinin  dəridə  müxtəlif  virus  mənşəli ziyillərə  də  rast  gəlinir.

Son illərdə müasir  texnologiyaların çox  sürətli  inkişafı, həmçinin Günəşin  radioaktivliyi  səbəbindən dəri  xərcənginin  statistik artımı  müşahidə  olunur. Təbii  ki, müəyyən  qrup dəri  törəmələri  var  ki, nəticə  etibarilə  dəri  xərcənginə  gətirib  çıxara  bilir.

Əhali  arasında müxtəlif  fikirlərə  çox  rast  gəlirik. Belə  ki, bir  qrup  şəxslər dərisində  olan  törəmələrdən  qurtulmaq  üçün  müxtəlif  maddələr  sürtürlər, yaxud sapla bağlayırlar, digər  qrup  şəxslər  isə  əksinə , hətta  həkimin  müalicəvi müdaxiləsinə  belə  izn  verməkdən  çox  qorxurlar.   Tibbi cəhətdən  bu  kimi  dəri  törəmələrinə özbaşına  belə müdaxilələr etmək  yolverilməzdir. Əgər dəridə anadangəlmə  və  ya  qazanılma  hər  hansı  bir törəmə varsa  və  bu  törəmələr daim  mexaniki  zədə  alırsa  və  ya  zədə  almadan qanama , ölçülərin  böyüməsi  müşahidə  olunarsa , mütləq  olaraq  bu  sahədə ixtisaslaşmış  həkimlərə  müraciət  edilməlidir.

Ziyillər  haqqında da qısa məlumat  vermək  istərdim. Ziyillər insanın Papilloma  Virusu (HPV-Human papilloma  Virus) tərəfindən  törənən və  dəridə düyüncüklər  şəklində əmələ  gələn  xəstəlikdir.  Ziyillərin müxtəlif  serotipləri  məlumdur. Serotiplərə  müvafiq  olaraq (5-7 ) yastı  ziyillər, (9-11) kondilomalar və onkoserotiplər (16-18-31-33 -.......və s.) sayılan,  uşaqlıq  boynu  xərçənginə aparan tipləri  ayırd  edilir. Ziyillərin insan  dərisində  artıb  çoxalmasının  əsas  səbəbi orqanizmin  immun  sisteminə  bağlıdır. Belə  ki , orqanizmə  yoluxan  viruslar  uzun  illər  boyu  aktivləşmədən həmin  orqanizmdə gizli  yaşaya bilirlər. İmmunitetin  zəifləməsindən aktivləşərək dəridə və  selikli  qişalarda  düyüncüklü  törəmələri – ziyilləri  əmələ  gətirə bilirlər.

Müasir  tibbdə  bir  çox  xəstəliklər  kimi  bu  növ  dəri  törəmələrinin  də müasir müalicə  üsulları  vardır. Bizim  hospitalda  kriodestruksiya  üsulu  ilə bütün  növ dəri  törəmələri aradan  qaldırılaraq  konservativ  müalicələr  aparılır və  həmçinin lazım  gələrsə dəri  törəmələrinin  hüceyrə  səviyyəsində patomorfoloji laborator  müayinələri  də  bacarıqlı  həkimlər tərəfindən öyrənilir.