Həkim məsləhəti


Dr. Alıyeva Şəbnəm - Endokrinoloq

 

Şəkərli diabet – insulin sekresiyasının və/və ya insulinin təsir effektinin pozulması nəticəsində yaranan, hiperqlikemiya (qanda şəkərin yüksəlməsi) ilə xarakterizə olunan metabolik xəstəlikdir. Şəkərli diabet zamanı xroniki hiperqlikemiya bir çox orqanların zədələnməsinə (gözlərin, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının) və çatışmazlığına səbəb olur.

  Ümumiyyətlə şəkərli diabet XXI əsrin qeyri-infeksion epidemiyası hesab olunur. Son 30 ildə ŞD artım tempinə görə vərəm, İİV/QİÇS kimi infeksion xəstəlikləri geridə qoyub. Belə bir fakta diqqət yetirmək kifayətdir ki, 26 il bundan əvvəl dünyada təxminən 30 mln nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdırsa, 2013-cü ildə şəkərli diabet xəstələrinin sayı Beynəlxalq Diabet Federasiyasının məlumatına görə 371 mln-a çatmışdır. Təəssüflər olsun ki, 2030-cu ildə bu rəqəmin 438 mln nəfərədək artacağı proqnozlaşdırılır ki, bunun da 95%-i 2-ci tip şəkərli diabetin payına düşür.

  Yaranma səbəblərindən asılı olaraq şəkərli diabetin əsas 2 tipi var: 1-ci tip və 2-ci tip.

  1-ci tip şəkərli diabet zamanı mədəaltı vəzin insulin sekresiya edən β hücüyrələri tamamilə məhv olur. Nəticədə tam insulin çatışmazlığı yaranır. Bu tip şəkərli diabet xroniki autoimmun xəstəlikdir. Tipik hallarda xəstəlik əsasən uşaqlarda və cavan şəxslərdə aydın nəzərə çarpan əlamətlər və şikayətlərlə bir neçə ay, bəzən də həftə ərzində meydana çıxır.

  Şəkərli diabetin bütün tipləri onun üçün xarakterik olan ümumi simptomlarla müşahidə olunur. Bu simptomlara ağızda quruluq, susuzluq, sidik ifrazının tezləşməsi, dəridə qaşınmalar, arıqlama, ümumi zəiflik, halsızlıq, yorğunluq, yuxululuq aiddir. Xəstəliyin başlanğıcında bəzi pasientlərdə iştahanın artması da ola bilər. Xəstəlik vaxtında aşkarlanmadıqda ketoasidoz (ürəkbulanma, qusma, iştahanın olmaması, qarında ağrılar, ağızdan aseton iyinin gəlməsi, huşun itməsi) inkişaf edir və bu da cox vaxt komatoz vəziyyətə gətirib çıxarır.

  1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, toplanmış anamnezin (məs.ailədə meyllik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Xəstəliyin nəzərə çarpan kliniki şəkli və qanda qlükozanın səviyyəsinin günün istənilən vaxtı 11,1 mmol/l-dən yüksək olması şəkərli diabet diaqnozunu qoymağa imkan verir. Xəstəliyin simptomları olmadan bircə dəfə təyin olunmuş qlükozanın normadan yüksək göstəricisi əsasında şəkərli diabet diaqnozu heç vaxt qoyula bilməz. Belə ki, bu diaqnozu qoymaq üçün acqarına və ya təsadüfi olaraq (günün istənilən vaxtı, axırıncı yemək qəbulundan asılı olmayaraq) və ya PQTT aparılarkən təkrar qanda qlükozanın səviyyəsinin diabetik diapazonda aşkarlanması lazımdır.

   Şəkərli diabetin müalicəsinin əsas məqsədi –xəstəliyin simptomlarını aradan qaldırmaqdan, kəskin və xroniki ağırlaşmaların profilaktikasından, ölüm faizini azaltmaqdan, yanaşı gedən xəstəliklərin müalicəsindən və həyat keyfiyyətini yaxşılaşdırmaqdan ibarətdir. 1-ci tip şəkərli diabetin müalicəsinin əsasını insulinterapiya, pasientlərin təlimi və özünə nəzarət təşkil edir. Müasir insulin preparatları və yeritmə vasitələri bütün pasientlərə tamdəyərli və dolğun həyat sürməyə imkan verir.

2-ci tip şəkərli diabet – insulinin sekresiyasının və təsirinin pozulması ilə xarakterizə olunan xroniki xəstəlikdir. 2-ci tip şəkərli diabetin inkişafında əsas patoloji proses - insulinrezistentlik dayanır. İnsulinrezistentlik - orqan və toxumaların insulinə qarşı həssaslığının azalmasıdır.

Bundan başqa bir sıra xəstəliklərin (ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, dislipidemiya, purin mübadiləsinin pozulması, yumurtalıqların polikistozu) yaranmasında insulinrezistentliyin rolu sübut olunub. Bugünkü  gündə insulinrezistentliyin yaranmasının əsas səbəbi artıq çəki və piylənmə hesab olunur. 2-ci tip şəkərli diabet 90% hallarda həqiqətən artıq çəki və ya piylənmə fonunda yaranır. 2-ci tip şəkərli diabet zamanı əlamətlər və şikayətlər tədricən artır və çox vaxt kliniki şəkli aydın nəzərə çarpmır. Buna görə də pasientlər tibbi yardıma artıq şəkərli diabetin gecikmiş ağırlaşmalarına görə müraciət edir: görmənin zəifləməsi və ya itməsi, trofiki yaralar, makroangiopatiyalar (miokard infarktı, insult).

  Əvvəllər 2-ci tip şəkərli diabet yaşlıların xəstəliyi sayılırdı. Bu gün asanlıqla demək olar ki, bu problem günü-gündən daha da cavanlaşır. Diabetin və piylənmənin belə epidemiyasının səbəbi -  az hərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, ekologiya, xroniki stress və zərərli vərdişlərdir (siqaret çəkmək, spirtli içkilərin qəbulu).

  2-ci tip şəkərli diabetin müalicəsindən danışarkən birinci növbədə qeyri medikamentoz üsulların əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır: rasional qidalanma (pəhriz gözləmək), fiziki gərginlik, çəkini normallaşdırmaq, həmçinin şəkərendirici preparatların düzgün seçilməsi. Həkim-endokrinoloqun və onun xəstələrinin arsenalında bu gün geniş dərman seçimi imkanı var: tablet formalarından tutmuş insulin inyeksiyalarına qədər.

1-ci və 2-ci tip şəkərli diabetlə yanaşı əksər hallarda hamilə qadınlarda hestasion diabetə də rast gəlinir. Lakin bu barədə gələn sayılarımızda qeyd edəcəyik.