10.02.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

BEL FƏQƏRƏARASI DİSK YIRTIQLARININ MÜALİCƏSİ

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      

Rubrikamızın axırıncı postunda biz bel ağrılarının və bel fəqərəarası disk yırtıqlarının fizioterapevtik müalicəsindən daha ətraflı danışmağa söz vermişdik. Əvvəlki postlarda qeyd etdiyimiz kimi, pasiyentin tam müayinəsindən sonra onun müalicəsinə qərar verilir. Yırtıqların böyük əksəriyyəti (90%) konservativ üsulla müalicə olunur. Konservativ müalicəyə cavab verməyən, ciddi nevroloji simptomları olan pasiyentlər isə əməliyyat olunurlar.  


 

İlk öncə pasiyentlər tərəfindən tez-tez verilən sualları cavablandırmaq istərdim. Pasiyentlərimiz çox vaxt bu cür suallar verirlər: “Bəs yırtığın ölçüsü azalacaqmı?”, “4, 5, 6, 7...mm-lik yırtıq boyükdürmü?” və s.

Bel yırtıqlarının müalicəsində sinir sıxılmasının dərəcəsi və onunla bağlı nevroloji simptomlar bizim üçün önəmlidir. Bəzi pasiyentlərdə yırtıq ölçüsü nisbətən balaca olur, amma yerləşməsi və sinir sıxılması güclü olur. Əlavə olaraq, sinir keçən onurğa beyin kanalı dar ola bilər ki, bu zaman simptomlar daha şiddətli olur. Eyni zamanda, nisbətən böyük yırtığı olan pasiyent bəzən az şikayətlərlə müraciət edir. Nəhayət, ağrı duyğusu da fərdi və dəyişən bir hissiyyatdır. 

Yırtıqların ölçülərinin azalması ilə bağlı sual tez-tez verilən suallardan biridir. Bizim öz təcrübəmizdən və dünyada aparılan müşahidələr əsasında qeyd etmək olur ki, düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər. Adətən, ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılması, iltihablaşma və s. şikayətlərin aradan gotürulməsi və ya azalmasıdır. Zaman keçdikcə yırtığın ölçüləri azala bilər, bu da adətən 6-12 aydan tez olmur.

Müalicənin əsas hissəsindən biri də müalicəvi idmandır. Onurğamıza dəstək verən əzələlərimiz kifayət qədər güclü olmalıdır ki, təkrar sıxılma və yırtıq yaranmasının riski az olsun. Onurğada fəqərəarası disklərin sayı 23-dür, istənilən seqmentdə  bu problem ilk və ya təkrar yarana bilər. Hətta əməliyyatdan sonra hər 3 xəstədən biri residiv yırtıqla üzləşə bilər. Ona görə də profilaktika, əməliyyatsız müalicə və reabilitasiya çox önəmlidir.



Müalicə növləri 
Hər pasiyent üçün müalicə planı fərdi olaraq təyin olunur. Bel fəqərəarası disk yırtıqlarda istifadə etdiyimiz ən effektiv müalicə növlərini aşağıda qeyd etmək istəyirəm:

    Dartma və dekompressiya
    Lazer müalicəsi     
    Ultrasəs
    Zərbə dalğalı terapiya
    Cərəyanlarla müalicə
    Müalicəvi idman 


Dartma avtomatlaşmış müalicə növüdür. Bu müalicə növünün proqramı həkim tərəfindən seçilir. Dartma disk və sinir dekompressiyasına komək edir, bağları və əzələləri mobilizasiya edir.


Zərbə dalğalı terapiya toxumalarda qan dövranını artırır, əzələ və bağlarda sağalma proseslərini sürətləndirir. Lazer və ultrasəs ağrıkəsici effektə malikdir və toxumaların bərpa proseslərini aktivləşdirir. Cərəyanlarla müalicələrin bir neçə növü var, bu müalicələr dərmanla (elektroforez) və ya dərmansız aparıla bilər.

Növbəti postumuzda biz bel ağrılarının müalicəsində effektiv idman hərəkətlərindən danışacağıq. Bizimlə qalın!


“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​