17.10.2019 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!
DÜZGÜN QAMƏTİ SAXLAMAQ ÜÇÜN
NƏ ETMƏLİYİK?
Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,
Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Rubrikamızın birinci buraxılışında biz sağlam qamət anlayışı barədə danışmışdıq. Bu dəfə qamətimizi yaxşılaşdırmaq üçün sizə 5 əsas idman hərəkətini məsləhət görəcəyəm, eyni zamanda, sizə “düzgün yatmağı” da öyrədəcəyəm.
Yadınızda saxlayın ki qamətinizi yaxşılaşdırmaq istəyirsizsə, səbrli və iradəli olmalısınız, - bu, vaxt aparan prosesdir. Daha yaxşı nəticəyə nail olmaq üçün əvvəlcə sizin qamətinizin və onurğanızın vəziyyətini yoxlamaq məsləhətdir. Hər hansı probleminiz varsa, idman hərəkətlərinə başlamazdan əvvəl həkimlə məsləhətləşin.
Qamətiniz üçün faydalı 5 idman hərəkəti
Aşağıdakı hərəkətlər vücudunuzun elastikliyini artıran streç hərəkətləridir. Hər hərəkəti 15-20 saniyə saxlaya bilərsiz. Bu hərəkətləri 3 dəfə təkrarlayın.
1. Stulda oturun və qollarınızı sinənizdə çarpaz çəkildə saxlayın. Sağa dönün və dayanın. Eyni ilə sola dönün və dayanın. Bir də xatırladıram ki, hərəkətlər zamanı ağrı olmamalıdır.
2. Qollarınızı başınızın üstündə çarpaz şəkildə bağlayın. Sağ tərəfə əyilin və dayanın. Eyni ilə sol tərəfə əyilin və dayanın.
3. Qollarınızı düz yuxarı qaldırın. Kürəyinizdə gərməni hiss edin.
4. İdman xalçasında dizi üstə oturun. Qollarınızı düz qabağa açın və yerlə sürüşdürün, bədəninizdə gərməni hiss edin. Çanağınız dabanda hərəkətsiz qalsın.
5. Arxası üstə uzanın, dizlərinizi bükün, sinə tərəfə aparın və qucaqlayın. Belinzdə rahat gərməni hiss edin.
Bu hərəkətləri gündə 3 dəfə edə bilərsiniz. Hərəkətlər bəzi hallarda bir az narahatlıq hissi verə bilər, amma qəti ağrılı olmamalıdır. Əgər ağrı, ya da başqa problemləriniz varsa, həkimlə məsləhətləşin.
Necə “düzgün yataq”?
Çox vaxt pasiyentlərimiz soruşurlar ki, “düzgün yatmaq” üçün nə edək. Yatanda və uzananda ən rahat pozisiya seçin. Yadınızda saxlayın ki, onurğanız üçün arxası üstə və ya yanı üstə (böyrü üstə) uzanmaq üzü üstə uzanmaqdan yaxşıdır. Çünki bizim onurğamız kifayət qədər ağır strukturdur və üzü üstə uzananda altında mexaniki dəstək verməyən yumşaq orqanlar qalır və sıxılır. Onurğa sütununu təşkil edən elementlər gərginliyə düşür və vaxt keçdikcə zədələnməyə daha meyilli olur.
Döşəyinizin sərtliyini yoxlayın. Əgər o həddən artıq yumşaqdırsa, uzananda bədəniniz dəstəksiz və qeyri-sabit pozisiyada qalır. Eyni zamanda çox sərt döşək yuxu keyfiyyətini poza bilər.
Yastıqlardan istifadə edın. Yastığı dizlərınizin arasına (yanı üstə olanda) və arxasına (arxası üstə uzananda) qoyun ki, belinizə gərginlik düşməsin. Orta qalınlıqda yastığı baş üçün istifadə edin. Yastıq çox qalın və hündür olsa, boyun əzələləriniz yuxu vaxtı gərginləşəcək. Çox balaca yastıqla, ya da yastıqsız uzananda boyun qalan onurğa ilə eyni xətdə olmur. Bu da boyun strukturları ücün xoşagəlməz stresdir.
Beləliklə, bu sadə məsləhətlər sizin qamətinizin sağlam qalması yolunda ilk və çox vacib addımlardır.
“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!”
Sağlam və gözəl görünmək istəyirsinizsə
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.