07.11.2019 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!
QAMƏTƏ MƏNFİ TƏSİR EDƏN VƏRDİŞLƏRİMİZ
Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,
Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Bu rubrikamızda biz qamətimizə mənfi təsir göstərən vərdişlərimizdən danışacağıq. Özümüz çox fikir verməsək də, hamımız oturanda, duranda müəyyən pozisiyalara daha çox öyrəşirik. Bunlardan bir sırası vaxt keçdikçə qamətimizə və ümümi sağlamlığımıza mənfi təsir göstərə bilər. Aşağıda tez-tez rast gəlinən 5 vərdişi qeyd edirik.
1. Uzun müddət oturmaq
Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meyilli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibbdə geniş yayılmış “oturmaq vərdişi – yeni siqaret çəkmək vərdişidir” ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibbdə çox məlumatlar var.
Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı uçün vacibdir.
2. Başını əyib smartfonu işlətmək
Demək olar ki, müasir həyatı smartfonsuz təsəvvür etmək mümkün deyil. Smartfonlar gündəlik işlərimizdə vacib köməkçimizdir. Amma bəzi hallarda smartfondan istifadə etdikdə biz başımızı qabağa aparıb uzun müddət çox narahat bir pozisiyada qalırıq. Məsələ ondadır ki, bizim başımızın çəkisi bədənimizin orta oxundan uzaqlaşanda 25-30 kiloya qədər qalxır. Bu da boyun əzələ və onurğa strukturlarının həddən artıq yüklənməsidir. Bu isə gələcəkdə onurğa sütununun zədələnməsinə təməl qoya bilər. Bunu aradan qaldırmaq üçün smartfonu işlətdikdə onu göz səviyyəsində saxlamaq lazımdır.
3. Telefonu danışanda ciyinlə sıxmaq
Çox vaxt biz eyni anda bir neçə iş görməyə çalışırıq. Telefonla danışanda əllərimizi sərbəst saxlamaq üçün onu çiyinlə sıxıb işlərimizi görürük. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır.
Bu vərdişdən qurtarmaq ücün iş görəndə xüsusi qulaqcıqlardan istifadə edə bilərsiniz.
4. Başını qabağa aparib monıtora baxmaq
Saatlarla monitora baxanda düz qaməti saxlamaq çox çətindir. Çiyinlərinizi yığıb başınızı cox qabağa aparırsınızsa bədəninizin normal biomexaniki yüklənməsi dəyişir. Boyunun təbii lordozu pozulur, əzələlər və vətərlər gərginləşir.
Monitorun qabağında oturanda başınızı düz saxlamağa çalışın,çiyinlərinizi qabağa yığmayın. Yadınızda saxlayin ki, qulağiniz və çiyininiz eyni vertikal oxda olmalıdır. Bunun üşün iş yerinizin təşkilinə fikir verin; klaviatura rahat yaxın məsafədə, monitor göz səviyyəsində olmalıdır.
5. Ayağı ayağın üstünə qoyub oturmaq
Tez-tez rast gəlinən vərdişimizdir. Belə pozisiyada oturanda biz çanaq, bel, bud nahiyyəsinin, əzələlərin və oynaqların balansını pozuruq. Eyni zamanda ayaqlarda sinir və damarlar sıxıla bilər. Bəzi insanlarda bu hətta ayaqlarda keyləşmə, normal hərəkətin məhdudlaşması və digər simptomlar verə bilər. Simptomlar keçici olsa da sinir sıxılması barədə siqnal verir.
Bu hamımıza tanış olan vərdışlərimiz vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir gostərir. Çalışın gündəlik həyatınızda bu vərdişləri tətbiq etməyəsiniz.
“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!”
Sağlam və gözəl görünmək istəyirsinizsə
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.