28.08.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!
BOYNUMUZ NƏDƏN AĞRIYA BİLƏR?
Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,
Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Boyun ağrılardan nə vaxtsa əziyyət çəkmisinizsə bunun necə narahat bir vəziyyət olduğunu çox yaxşı bilirsiniz.
Ağrıların ən tez rast gəlinən səbəblərindən danışsaq – bu ağrılar əzələ vətərinin dartılması, düz olmayan ya da narahat qamət və davamlı yüklənmə ilə bağlı olur. İnsan yaşlandıqca degenarativ dəyişikliklər (spondilyoz, osteoxondroz “duzlaşma”) də ağrıların yaranmasında rol oynayır.
Boyun əzələlərində dartılma-başımızın pozisiyası boyun fəqərələrinə nisbətən mərkəzdə və düz olmalıdır. Bəzi vaxtlar narahat yerdə yatandan sonra ya da gərgin iş günün sonunda əzələlərimizdə dartılma və yüklənmə yarana bilər. Əgər vərdiş olaraq siz başınızı qabağa əyirsizsə, bu zaman siz boynunuzdakı vətər və əzələləri artıq yükləmiş olursunuz. Çox vaxtlar bu vərdiş diqqətinizdən yayına bilər. Siz kompyuterdə işləyəndə, smartfon işlədəndə ya da maşın sürəndə narahat bir pozisiyada başınızı qabağa aparırsınız. Vaxt keçdikcə bu boyunda davamlı əzələ gərginliyi yaradır. Əlavə olaraq bu gərginlik baş ağrısı, yorğunluq da verə bilər. Eyni gərginlik narahat pozisiyada yatanda da olur. Bəzi vaxtlar mənəvi stress boyun əzələrində gərginlik yarada bilər.
Degerativ dəyişikliklər (spondilyoz)- onurğamızın boyun hissəsi bütün onurğa kimi balaca sümüklərdən (fəqərələrdən) və aralarında yastıqca kimi qığırdaq diskdən ibarətdir. Vaxt keçdikçə fəqərələr arasında disklər yastılaşa bilər. Bu isə fəqərələrarası məsafənin daralmasına və nəticədə sinir sıxılmasına gətirib çıxara bilər. Bu zaman sıxılmış sinirlər iltihablaşır və ağrı yaranır. Fəqərələr arasında, xırda oynaqlarda osteoartrit yarana bilər, yəni bu zaman sümükləri bağlayan qığırdaq “yeyilir”.
Sinir sıxılması-fəqərələrarası disk yırtığı, protruziyalar və s.- boyun fəqərələrində və disklərdə dəyişikliklər sinir sıxılmasına gətirib çıxara bilər. Fəqərələrarası disk yırtılır və yanında olan siniri və sinir qişalarını sıxır. Belə hallarda ağrı, qollarda, çiyin və kürəklərdə, barmaqlarda keyləşmə yarana bilər. Sinir sıxılması qollarda zəiflik verə bilər.
Stenoz-onurğa kanalının daralması-fəqərələrarası disklərin yırtığı ya da kanalın ətrafında vətərlərin qalınlaşması səbəbindən yarana bilər. Kanaldan keçən sinirlər sıxılır, ağrı, keyləşmə, qollarda zəiflik yarana bilər. Sinirin davamlı və ciddi sıxılması daha da ciddi simptomlar-iflicə qədər verə bilər. Belə hallarda həkimin müayinəsi və xəstəliyin müalicəsi gecikdirilməməlidir. Bu boyunda ağrıların ən çox rast gəlinən səbəblərindəndir.
Boyunda davamlı ağrı, qollarda keyləşmə və zəiflik varsa mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.
“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!”
Sağlam və gözəl görünmək istəyirsinizsə
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.