06.01.2022 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

DİZ AĞRILARINDA 5 FAYDALI İDMAN

HƏRƏKƏTLƏRİ

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.

 

                      

 

Əvvəlki rubrikada biz diz ağrılarının ən çox rast gəlinən səbəblərindən danışmışdıq. Səbəbləri müxtəlif olsa da biz ümumi tövsiyələri verə bilərik. Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq və diz oynağını stabilləşdirən idman hərəkətləri etmək vacibdir. Bununla diz oynağını ani zədələnmədən və yaşlanma ilə bağlı proseslərdən qorumaq mümkün olmasa da, oynaqlara düşən yükü azaltmaq və zədələnməyə davamlılığı artırmaq mümkündür.


Faydalı idman hərəkətlərini aşağıda təqdim edirik. Bu idmanlat diz ağrılarının reabilitasiya dövründə icra olunur. Ümumi qaydaları nəzərə alsaq, görərik ki, yaşlandıqca dizin strukturları və xüsusən menisk zədələnməyə daha meyilli olur. Buna görə tam bükülmə və ani kritik hərəkətlərdən özünüzü qormaq lazımdır. Hər hansı idman hərəkətləri zamanı ağrı hiss edirsinizsə onu dayandırın.

 

 

 

 

 

Diz üçün idman hərəkətləri:
1.    Ayağınızı düz qoyun. Dizin altına dəsmal qoyun. Bud əzələnizi çarpayıya doğru sıxın. 6 saniyə saxlamaqla 10 saniyə fasilə etməklə gün ərzində 10 dəfə təkrarlayın. 

2.    Düz uzanın. Sağlam dizinizi bükün. O biri ayağı düz halda 30 sm hündürlüyə  qaldırın və 5 saniyə saxlayın. 10 dəfə təkrar edin. Bel ağrıları varsa bu hərəkəti etməyin.

3.    Hər iki ayağınızı bükün. Diziniz 90 dərəcə bükülmüş vəziyyətdə, dabanlarınızı yerdə, çanağınızı qaldırırsınız və 5 saniyə saxlayıb endirirsiniz.10 dəfə təkrarlayın.

4.    Üzü üstə uzanın. Ayağınızı yerdən qaldırın, 5 saniyə saxlayın və endirin. 10 dəfə təkrarlayın.

5.    Bu hərəkət ayaqüstə icra olunur. Ayaqlarınız çiyinləriniz ilə paralel bir qədər aralı vəziyyətdə dayanırsınız. Əllərinizi dəstək üçün stola qoya bilərsiniz. Dizlərinizi bir qədər bükün və bir az aşağı gedin  (15 sm), ayaqlarınız (pəncə) tam yerdə olmalıdır. Tələsmədən əvvəlki düz vəziyyətə qayıdırsınız.10 dəfə təkrarlayın.
 

Növbəti rubrikamızda biz diz artrozlarının fizioterapevtik müalicəsindən danışacağıq. Bizimlə qalın. 

 

“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​