11.02.2021 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

Kifoz nədir?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.

 

                      


Kifoz onurğada olan qabarmaya deyilir. Çox vaxt kürək nahiyəsində olur və ciddi kifoz  deformasiyası olanlara el arasında qozbel də deyilir. Kifozun bir neçə növü var və onun müalicəsi də fərqli olur. İnsan onurğası bir xətt kimi düz deyil, təbii əyrilikləri var və bu əyriliklər qamətimizə dəstək verir və onurğanın biomexaniki yüklənməsini tənzimləyir.  Amma həddən artıq olan əyrilik qamətə mənfi təsir edir və normal duruşunuzu çətinləşdirir. Çox vaxt kifoz estetik problemlər yaradır. İnsan kənardan necə göründüyünü fikirləşir və bu təbii ki, onu narahat edir. Dərəcəsi yuxarı olan kifozlar ağrı və tənəffüsdə problem yarada bilər. Kifozun bir neçə növü var:
-    Postural kifoz – qamətlə bağlı onurğanın qabarması;
-    Scheuermann kifozu;
-    Anadangəlmə (kongenital) kifoz.



Qamətlə bağlı kifoz bu xəstəliyin  ən çox rast gəlinən növüdür.  Daha çox yeniyetmə dövründə müşahidə olunur və qızlarda daha çox təsadüf edilir.


Araşdırmalara  əsasən 10% uşaqlarda kifoz müşahidə olunur. Bu, uşaqların oturarkən qabağa əyilmək vərdişi nəticəsində yaranır. Bu zaman onurğanın vətər və əzələləri həddən artıq gərilir, əzələlərdə disbalans yaranır və onurğanı düz pozisiyada saxlaya bilmir.


Qamətlə bağlı kifozun xüsusiyyətləri aşağıdakılardır:
-    Əyrilik müəyyən pozisiyada düzəlir;
-    Ağrı nadir hallarda olur.


Qamətlə bağlı kifozu xüsusi idman növləri ilə korreksiya etmək olur. Müalicə zamanı zəifləmiş əzələlər möhkəmləndirilir və qısalmış qrup əzələlər xüsusi gərilmələr vasitəsilə tədricən açılır.



Scheuermann kifozu xəstəliyinin adı onu ilk dəfə təsvir etmiş radioloqun adını daşıyır. Bu növ kifoz zamanı fəqərələrdə struktur dəyişikliyi baş verir və buna görə də onurğada struktur qabarma müşahidə olunur. Bu qabarma pozisiya dəyişəndə stabil qalır. Scheuermann kifozu zamanı ağrılar müşahidə olunur, bu ağrılar çox oturanda, ayaqüstə olanda, hətta uzananda da olur. Təxminən 10-17 yaş arası olan yeniyetmələrdə rast gəlinir. 


Kongenital kifoz anadangəlmə xəstəlikdir. Bu xəstəliyin səbəbləri ana bətnində onurğanın inkişaf qüsurlarıdır. Bu tip kifozlar  sürətlə inkişaf edə bilər. Kongenital kifoz çox zaman cərrahi müalicə tələb edir.


Növbəti rubrikamızda mən "Onurğanı yoxlamaq üçün müayinələr-MRT(maqnit rezonans tomoqrafiyası), KT(komputer tomoqrafiyası) və ya rentgen?" haqqında danışacam. Bizimlə qalın!


“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​