21.09.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

ONLAYN İŞ VƏ TƏHSİL ZAMANI BELİNİZİN SAĞLAMLIĞI ÜÇÜN 5 MƏSLƏHƏT

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      


Pandemiya şəraitində bir çox sahələrdə fəaliyyət virtual sferaya keçib. Artıq dərs ili də bir çox məktəblilər üçün onlayn formatında həyata keçirilir. Onlayn kompüter fəaliyyətini maksimal rahat keçirmək üçün bir neçə məsələlərə diqqət yetirmək lazımdır. Bu mövzu həm onlayn təhsil alanlara, həm də onlayn işləyənlərə aiddir.


Uşaqlarda qamət formalaşır və bu qamət uşaqlar böyüdükcə onların sağlamlığına təsir göstərir.


Təhsil və iş prosesində erqonomik amillər çox mühüm rol oynayır. Düz olmayan qamət əzələlərə və vətərlərə artıq yüklənmə yaradır və gələcəkdə müxtəlif problemlərə, ağrılara yol aça bilir. İş yerinin təşkili çox önəmli bir məqamdır. Rahat iş yeri iş və təhsil prosesinin daha effektiv və sağlam olması üçün vacibdir. Bununla bağlı Sizinlə 5 məsləhət paylaşacam.


1. İş zamanı monitor göz səviyyəsində və uzadılmış qol məsafəsində olmalıdır. Əks halda siz narahat bir vəziyyətdə çalışacaqsınız, başınızı və çiyinlərinizi düz saxlaya bilməyəcəksiniz. Fikir vermək lazımdır ki, ekranda əlavə “blik” yaranmasın, çünki belə halda gözünüz tez yorulacaq. İş zamanı başınızı qabağa aparmayın, çiyinlərinizi yığmayın. Çiyinlərinizi bir az aşağı və dala aparın, qulağınız və çiyniniz eyni xəttdə, düz və yerə paralel olmalıdır.



2. Oturanda ayaqlar yerdə olmalıdır. Ayaqların altına dəstək qoya bilərsiniz. Diz və bud çanaq oynaqları təxminən eyni səviyyədə, bud çanaq oynağı 90-110 dərəcə, diziniz 90 dərəcə bükülmüş vəziyyətdə olmalıdır. Belinizin çökək nahiyəsinə bir dəsmal büküb qoya bilərsiniz. Bu belinizə dəstək verəcək. 



3.Dirsəkləriniz 90-110 dərəcədə bükülmüş vəziyyətdə olmalıdır, bədəninizə yaxın saxlayın. Klaviaturanı istifadə edirsinizsə monitoru göz səviyyəsində saxlasanız, klaviatura əlləriniz üçün rahat olacaq. Noutbuk qısamüddətli iş üçün daha yaxşıdır. Uzunmüddətli davamlı iş üçün ayrı klaviatura lazım olacaq. İş zamanı biləyinizi bükməyn, biləyiniz düz və əllərlə eyni xəttdə olmalıdır. Biləyiniz bükülmüş və gərgin olsa bu sinirin sıxılmasına səbəb ola bilər.



4. Belin sağlamlığı haqqında danışanda mən həmişə bu məqamı vurğulayıram ki, uzun müddət fasiləsiz oturmayın. Çalışın hər 20 dəqiqədən bir durun və 2-5 dəqiqə gəzin. Bu oturaq rejimində belinizə düşən yükləməni azaldacaq və onurğa strukturların və əzələlərin qan dövranını yaxşılaşdıracaq.



5. Əsas qrup əzələləri üçün sadə idmanlar çox vacibdir. Bu idman hərəkətləri üçün gündə 20-30 dəqiqə vaxt ayırın. Əzələlər onurğaya və oynaqlara düşən yükü özünə götürməlidir. Əks halda bu strukturlar zəifləyir və daha tez sıradan çıxır. Əzələləri gücləndirmək üçün yeganə yol–idman hərəkətləridir. Sadə və heç bir avadanlıq tələb olmayan idmanlar əzələ sağlamlığı üçün tam kifayətdir.



Boyun və bel əzələləri üçün idmanlar artıq rubrikamızda var. Digər idman hərəkətləri ilə rubrika boyu sizi tanış edəcəm.


Növbəti rubrikamızda sizinlə "Davamli smartfon istifadəsi hansi problemləri yarada bilər?" haqqında danışacam. Bizimlə qalın.


“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​