25.12.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

Skolioz necə müalicə olunur?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      

 

Müayinədən sonra Sizə və ya uşağınıza idiopatik skolioz diaqnozu qoyulub? Bəs belə halda hansı müalicə üsulları tətbiq olunur? Müalicə üsulunu seçərkən bir çox məqamlara fikir vermək lazımdır. Bu zaman ilk öncə onurğada əyriliyin dərəcəsi və pasiyentin yaşına diqqət edilir.


Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur. Müalicə əsasən xüsusi idman hərəkətlərindən ibarət olur. Əsas müalicə üsulu alman mütəxəssisi  Katarina Schroth tərəfindən hazırlanmış Schroth müalicəsidir. Hazırda  Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə Mərkəzi Gömrük Hospitalında tətbiq olunmağa başlanmışdır. Mən skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edirəm. 

 

 

Skolioz xəstəliyi zamanı onurğanın əyriliyi ilə yanaşı, insanda skolioz qaməti formalaşır. Bədəndə əyriliyə uyğun yaranan bu qamət vərdişi əyriliyin daha da artmasına səbəb olur. Çox vaxt uşaqlar oturanda əyilirlər. Əzələ korseti zəif olduğuna görə və bu cür oturuşa vərdiş yarandığı üçün belə olur.  Schroth metodu ilə müalicədə bu səhv vərdişi – skolioz qamətini  aradan qaldıran hərəkətlərdən istifadə olunur. Skolioz qaməti hər yaş kateqoriyasında ola bilər və həmin idman hərəkətlərindən həm uşaqların, həm də böyüklərin müalicəsində istifadə olunur.

 

 

Korset təyin etdikdə pasiyentin yaşı və xəstəliyin dərəcəsini qiymətləndiririk. Əməliyyat yalnız xəstəlik konservativ müalicəyə cavab vermədikdə və yuxarı dərəcəli skoliozlarda təyin oluna bilər. Əgər uşaqda skolioz 45-50° dərəcədən yuxarıdırsa və sümüklərin inkişaf dövrü davam edirsə, o halda pasiyenti spinal cərrahın məsləhətinə yönəldirik. Əməliyyat travmatik və ağır olduğuna görə, xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir.

 

Növbəti rubrikamızda mən kifoz və qamət qüsurları haqqında danışacam. Bizimlə qalın!

 

“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​