3 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Abbott şirkətinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Pediatriyada müzakirəli məsələlərə müasir baxış” mövzusunda Elmi Konfrans həyata keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək ilk növbədə konfrans iştirakçılarını salamlayıb. O, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib və bu istiqamətdə əsası Ulu Öndər tərəfindən qoyulan qətiyyətli fəaliyyətlərin hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. İ.Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi elmi tədbirlər barədə məlumat verib və konfransın işinə uğurlar arzu edərək hərkəsi sual-cavab sessiyalarında aktiv olmağa dəvət edib.
Hibrid formatda həyata keçirilən konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova da çıxış edib.
Konfransın elmi hissəsində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, t.ü.f.d. Nigar Hacıyeva “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, t.ü.f.d. Sənubər Vəliyeva “Uşaqlarda tonzillit” və Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyeva “Epşteyn Barr infeksiyası – differensial diaqnostika” mövzularında geniş təqdimatla çıxış ediblər və auditoriya tərəfindən verilən sualları cavablandırıblar.
Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi və Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanan konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Son xəbərlər