XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium həyata keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 9.jpg
  • 8.jpg
  • 10.jpg

13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium həyata keçirilib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə həyata keçirilmiş Elmi Simpozium Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov simpozium iştirakçılarını salamlayıb.


COVID-19 infeksiyasının Azərbaycan əhalisi arasında kütləvi surətdə yayılmasının qarşısının alınması və ölkəmizdə pandemiya şəraitinin nəzarətdə saxlanılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verən Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının da pandemiya dövründə 21 ay ərzində yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olduğunu qeyd edib. O, bu dövrdə Mərkəzi Gömrük Hospitalında 2000-dən çox COVID-19 xəstəsinin stasionar müalicə aldığını, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 300-dən çox pasiyentin reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunduğunu söyləyib. 
Mərkəzi Gömrük Hospitalının əldə etdiyi müvafiq təcrübə əsasında ərsəyə gətirilmiş metodik vəsaitin hazırlanma mərhələsi barədə məlumat verən C.Məmmədov deyib: “Əlbəttə ki, bu vəsait yalnız şəxsi təcrübəyə deyil, həm də çoxsaylı beynəlxalq araşdırmaların nəticələrinə, nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrə əsaslanır. 


Metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 1 mart 2022-ci il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmişdir və biz bu sənədi COVID-19 pandemiyası dövründə Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı tərəfindən görülmüş işlərin məntiqi yekunu, mən deyərdim, zirvəsi kimi qəbul edirik” . Elmi simpoziumun COVID-19-un diaqnostika və müalicəsi sahəsində ən son nailiyyətlər barədə müzakirə və təcrübə mübadiləsi aparılması üçün mütəxəssislər arasında platforma yaratmaq məqsədi ilə təşkil olunduğunu qeyd edən C.Məmmədov çıxışının sonunda simpoziumun işini açıq elan edib.


Bir çox dövlət qurumlarının rəsmi nümayəndələrinin, eləcə də yüksəkixtisaslı həkimlərin iştirak etdiyi simpoziumun rəsmi açılış hissəsində eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, t.e.d., əməkdar elm xadimi Əhliman Əmiraslanov, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov və Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov da çıxış edib. Onlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə davamlı tibbi təhsil fəaliyyətlərinin icrasına töhfə verdiyi üçün təşəkkür edərək mövcud uğurlu əməkdaşlığın davamlı olacağına inandıqlarını qeyd ediblər.


Rəsmi hissədən sonra simpozium günün birinci yarısında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi t.e.d. Rəşad Mahmudovun moderatorluğu ilə “COVID-19-un diaqnostikası” paneli, günün ikinci yarısında isə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov və həmin şöbənin həkimi Rəşad Nəsirlinin moderatorluğu ilə “COVID-19-un müalicəsi” paneli ilə öz işini davam etdirib. 


Simpoziumda “Metodik vəsait: COVID-19-un diaqnostika və müalicəsi üzrə beynəlxalq və yerli təcrübənin xülasəsi”, “Koronavirusun diaqnostikasında zəruri laborator müayinələr”, “COVID-19 xəstəliyinin radioloji diaqnostikası”, “COVID-19-un müalicəsində istifadə edilən dərman vasitələri”, “Ağır koronavirus xəstələrində ECMO tətbiqinin əsas prinsipləri” mövzularında Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinlənilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 


Elmi-simpozium zamanı iştirakçılara nəşr edilmiş metodik vəsaitlə yanaşı Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizəsini əks etdirən foto-albom da paylanılıb. Qeyd edək ki, hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Elmi Simpozium eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb. 

 

 foto