Mərkəzi Gömrük Hospitalında 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Rəisi-baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev və Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti mayoru Nahidə Mahmudova Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar 1990-cu il hadisələri zamanı keçmiş sovet ordusunun hərbi hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qətliam barədə çıxış ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında bildirib ki, 35 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda və respublikamızın müxtəlif bölgələrində baş verən hadisələr xalqımızın milli mübarizə tarixinin mühüm səhifələrindən biridir. C.Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək, törədilən terroru kəskin şəkildə pisləmiş, əliyalın xalqa qarşı törədilən terrorun hüquqa, demokratiyaya və insanlığa zidd olduğunu bəyan etmişdir. Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan Ulu Öndər Heydər Əliyev bütün siyasi fəaliyyəti dövründə 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş və şəhid ailələrinə olan diqqət və qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir. Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına və şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov çıxış edərək bildirib ki, 35 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası əliyalın vətəndaşlarının üzərinə tanklarla və digər ağır texnikalarla hücuma keçib milli qırğın törətməklə hərbi qələbə qazansa da, bu hadisə ilə əslində məğlub oldu, Azərbaycanda özünün bütün siyasi, sosial və hüquqi dayaqlarını itirdi. Azərbaycan xalqının əzmini və iradəsini qırmaq isə mümkün olmadı. Məhz 20 Yanvar hadisəsindən sonra Azərbaycanın azadlığı və müstəqilliyi ideyası xalqımızın ümummilli amalına çevrildi və bu amal uğrunda mübarizə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi. Hər il yanvarın 20-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunur, Azərbaycan dövləti və xalqı azadlığımızın və müstəqilliyimizin simvoluna çevrilən 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman əziz tutur.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında 1990-cı ilin qanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqı üçün təkcə böyük faciə kimi deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın şərəfli bir səhifəsi, milli azadlıq hərəkatımızın zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib. Rəis müavini Nahidə Mahmudova 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsinin əhəmiyyətini vurğularaq bildirib ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və 1994-cü il martın 29-da ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində siyasi-hüquqi qiymət verən qərarlar qəbul edilmiş, faciənin günahkarları qeyd olunmuş və Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdi.
Həmçinin, N.Mahmudova qanlı yanvar hadisələri ilə bağlı statistik rəqəmlərə toxunub: “Sovet imperiyasının tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edərək törətdiyi bu hərbi əməliyyatlarda ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmişdir. Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.
Mərkəzi Gömrük Hospitalının Rəisi-baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc və günahsız insanları gülləboran etməsi, həmin gecə digər tibb işçiləri ilə bərabər vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə yaralılara göstərdikləri yardım, yaralılar üzərində icra etdikləri əməliyyatlar, dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji blokunun partladılması və şahidi olduğu hadisələr barədə xatirələrini danışıb. Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün bütün şəhidlərimizin ruhları şaddır.
Azərbaycan şanlı Zəfərə imza ataraq tarixi ədaləti bərpa etdi. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın uğurlarından bəhs edirik.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin tibb qardaşı, tibb xidməti giziri Vüsal Şahverdiyev görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib və tədbir 20 Yanvar hadisələrindən bəhs edən bədii-sənədli filmin nümayişi ilə başa çatıb.
Son xəbərlər