9 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə başlayıb.
Konqresin rəsmi açılış hissəsi başlamadan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
Onlayn formatda 500-dən çox dinləyicinin iştirakı ilə Zoom platforması üzərindən həyata keçirilən Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dinləyici və qonaqları salamlayıb. İlk növbədə o, hərkəsi Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Çıxışı zamanı görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən C.Məmmədov hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. “Ümidvaram ki, Heydər Əliyevin adı ilə bağlı olan bu konqres Ümummilli liderimizin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elminin dayanıqlı və sabit inkişafına verdiyi töhfələri bir daha xatırlamağa imkan verəcək, eyni zamanda Azərbaycanda pediatriya sahəsində daha böyük uğurların əldə edilməsinə dəstək olacaq. Əminəm ki, bugünkü konqres ölkənin bütün tibb ictimaiyyəti üçün əhəmiyyətli hadisə olacaq və müxtəlif pediatrik nozologiyaların diaqnostika və müalicəsi üzrə həkimlərin praktik işinin effektivliyini artırmaq üçün imkanlar yaradacaqdır.”-deyə o bildirib.
Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupuna uğurlu və davamlı əməkdaşlığa görə təşəkkürünü bildirən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək Konqresin işini açıq elan edib.
Konqresin rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı t.e.d Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı, Baku Medical Plaza Klinikasının Pediatriya və neonatologiya şöbəsinin müdiri Dr. Erkin Rəhimov, Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdeve də çıxış edib.
Konqresin rəsmi açılış hissəsindən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı t.e.d Rəşad Mahmudov və Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkayanın moderatorluğu ilə “Pediatrik kardiologiya” paneli öz işinə başlayıb.
Günün ikinci yarısında Konqresin Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov və Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdevenin moderatorluğu ilə “COVİD-19 və pediatriyada yeni aspektlər” paneli ilə öz işinə davam etməsi nəzərdə tutulmuşdur.
3 gün ərzində davam etdiriləcək Konqresdə yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssis heyəti tərəfindən 9 paneldə ümumilikdə 27 məruzə dinləniləcək, sual-cavab sesiyaları və interaktiv müzakirələr həyata keçiriləcək.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 24 DTT balı ilə qiymətləndirilmiş Konqres eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook hesabı üzərindən də canlı yayımlanıb.
Son xəbərlər