29 iyul 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Sanitar-Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “28 İyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş “Viral hepatitlər – gözəgörünməz təhlükə ilə mübarizə” mövzusunda maarifləndirici seminar həyata keçirilib.
Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək müasir dövrün aktual problemlərindən olan virus hepatitlərinə dair maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Auditoriyanı seminarda aktiv iştirakçılığa dəvət edən İ.Əfəndiyev çıxışının sonunda seminarın gedişinə uğurlar arzu edib.
Seminarın elmi hissəsində Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin həkim epidemioloqu, tibb xidməti kapitanı Sahib Ağakişiyev “Viral hepatitlərin epidemioloji xarakteriktikası və qarşısının alınmasına dair nəzarət tədbirləri” və Mərkəzi Gömrük Hospitalının uzman infeksionisti Mədinə Abdullayeva “Viral hepatitlər və onlardan qorunma yolları” mövzularında təqdimatlarla çıxış ediblər. Məruzələr zamanı viral hepatitlərin epidemiologiyası, klinik gedişi, onlardan qorunma yolları və vaksinasiyanın əhəmiyyəti barədə ətraflı məlumat verilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər