28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Dayaq Patronaj xidmətinin və Seni brendinin birgə təşkilatçılığı ilə “29 Oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. “Ümumdünya İnsultla Mübarizə Günü”nün tarixi barədə geniş məlumat verən E.Məmmədov 2022-ci ildə “Ümumdünya İnsultla Mübarizə Günü”nün “Dəqiqələr həyat xilas edə bilər” şüarı ilə dünyanın 40-dan çox ölkəsində genişmiqyaslı tədbirlər vasitəsilə qeyd edildiyini vurğulayıb. E.Məmmədov insult keçirmiş xəstələrə diaqnostikadan reabilitasiyaya qədər bütün mərhələlərdə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsinin olduqca vacib əhəmiyyətə malik olduğunu qeyd edib. Təşkil olunmuş tədbirin insultlu xəstələrlə birbaşa işləyən müvafiq ixtisas sahiblərinin mövcud bilik və bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edən E.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirələrdə aktiv iştirak etməyə dəvət edib və tədbirin işinə uğurlar arzu edib.
Tədbirin elmi hissəsində Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “İnsultda əsas reabilitasiya prinsipləri: Mirror terapiya (güzgü terapiyası) və FES (Funksional Elektrik Stimulyasiya)”, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, nevroloq, reabilitoloq Dr. Mərziyyə Məmmədova “İnsultdan sonra reabilitasiyanın meyarları və qiymətləndirilməsi. İnsultun reabilitasiyası və insultun ikincili profilaktikası” və Dayaq patronaj xidmətinin həkim məsləhətçisi, anestezioloq-reanimatoloq Seyranə Mirzəyeva “İnsult keçirmiş xəstələrə ev şəraitində qulluğun təşkili: praktik nümunələr” mövzusunda məruzə ilə çıxış edib.
Müxtəlif dövlət və özəl tibb müəssisələrinin fizioterapevt-reabilitoloq, nevropatoloq ixtisaslı həkimlərinin, orta tibb personalı və rezidentlərin iştirak etdiyi tədbirdə təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb və aktiv müzakirə sessiyası həyata keçirilib.
200-ədək mütəxəssisin distant, 80 nəfər mütəxəssisin əyani iştirak etdiyi tədbir eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanıb.
Son xəbərlər