5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirildi.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev açılış nitqi ilə çıxış edərək seminara qoşulan həkimləri salamladı və ağır koronavirus xəstələrində düzgün ECMO istifadəsinin vacib rola malik olduğunu qeyd etdi.
Koronavirus pandemiyası dünya gündəmini zəbt etdiyi andan etibarən Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizədə ön cəbhədə mübarizə apardığını vurğulayan Bəxtiyar Musayev uğurlu ECMO istifadəsinə dair Hospitalın təcrübəsini bölüşdü. Ökəmizdə ilk dəfə koronaviruslu xəstədə ECMO cihazının məhz Mərkəzi Gömrük Hospitalında uğurla tətbiq olunduğunu qeyd edən Bəxiyar Musayev çıxışının sonunda onlayn seminarın işinə uğurlar arzu etdi.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Dr.Rəşad Mahmudov çıxış edərək Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verdi. Elmi-Təcrübi və Tədris Mərkəzinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təkmilləşdirici seminarlar, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün konfrans və təlimlər təşkil etdiyini vurğulayan Dr.Rəşad Mahmudov davamlı tibbi təhsilin tibb işçilərinin peşəkar fəaliyyətində çox mühüm rola malik olduğunu qeyd etdi.
Seminar Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, anestezioloq-reanimatoloq Dr. Tural Sadıqovun “Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO ?”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr.Xəyal Məmmədovun “Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu” və Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı Dr. Kənan Əsədovun “ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi” mövzularındakı təqdimatları ilə davam etdi.
Dr.Rəşad Mahmudovun moderatorluğu və 100-ə yaxın həkimin iştirakı ilə həyata keçirilən onlayn seminarda sonda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı və mövzu ilə əlaqəli həkimlər arasında təcrübə mübadiləsi baş tutdu.
Son xəbərlər