14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransı həyata keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan Konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edib. O, konfrans iştirakçılarını salamlayaraq düzgün diaqnozun qoyulmasında radioloji müayinələrin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Müvafiq sahədə çalışan mütəxəssislərarası təcrübə mübadiləsinin vacibliyini qeyd edən İ.Əfəndiyev bu istiqamətdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və onun müvafiq strukturları tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İ.Əfəndiyev çıxışının sonunda konfransın işinə uğurlar arzu edərək dinləyiciləri panel müzakirələrdə aktiv olmağa dəvət edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə də çıxış edib.
Rəsmi hissədən sonra konfransda Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Şüa diaqnostikası laboratoriyasının rəhbəri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Soltan Manafov, Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin I katibi, professor Məlahət Sultanova və Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Ahmet Memişin moderatorluğu ilə birinci sessiya öz işinə başlayıb.
Azərbaycan və Türkiyədən olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 18 məruzənin təqdim olunmasının planlaşdırıldığı konfransda Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynovun “Fetal MRT-nin müasir status” mövzusunda təqdimatı dinlənilib.
400-ədək iştirakçının distant, 50 nəfər mütəxəssisin əyani iştirak etdiyi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.
Zoom platforması üzərindən hibrid formatda təşkil olunmuş konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
Son xəbərlər