28-29 iyul 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçirilmiş “28 iyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı Onlayn Elmi Tədbir yekunlaşıb.
İki gün ərzində davam edən tədbiri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov salamlama nitqi ilə çıxış edərək açıq elan edib. Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Mərkəzi Gömrük Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi də çıxış edib. Rəsmi açılış hissəsindən sonra tədbirdə elmi hissə I gün İstanbul Florence Nightingale Xəstəxanasının professoru Dr. Fehmi Tabak və Mərkəzi Gömrük Hospitalın şöbə rəisi Dr. Namiq Novruzun moderatorluğu ilə “Viral Hepatitlər”, II gün isə İzmir Kent Xəstəxanasının Qaraciyər transplantasiyası proqram direktoru, İzmir Ekonomi Universiteti Tibb Fakultəsinin professoru Dr. Murat Kılıç və Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.f.d Dr. Mircəlal Kazıminin moderatorluğu ilə “Qaraciyər transplantasiyasına multidisiplinar yanaşma” paneli ilə davam edib.
BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nə əsasən III Davamlı İnkişaf Məqsədinin müvafiq hədəfinə (Hədəf 3.3: 2030-cu ilədək, QİÇS-in, vərəmin, malyariyanın və “unudulmuş” tropik xəstəliklərin epidemiyasına son qoymaq, hepatitlə, su yolu ilə keçən xəstəliklərlə və digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq) nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin icrasına töhfə vermək məqsədilə həyata keçirilmiş tədbir zamanı Azərbaycan və Türkiyədən olan peşəkar mütəxəssislər tərəfindən ümumilikdə 3 paneldə 24 məruzə dinlənilib, eləcə də ölkəmizdə çalışan həkimlərin beynəlxalq təcrübədən faydalana bilməsi üçün panel müzakirələr və sual-cavab sesiyaları təşkil olunub.
300-dən çox mütəxəssisin iştirakı ilə interaktiv şəkildə davam etmiş Beynəlxalq Onlayn Elmi Tədbirin hədəf auditoriyasına uyğun olaraq hərkəs üçün əlçatan olması məqsədilə eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 16 DTT balı qazanıb.
Son xəbərlər