9 mart 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin və "Nefrologiyanın İnkişafına Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı, “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin və "Medicus" MMC-nin dəstəyi ilə “Ümumdünya Böyrək Günü"nə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda Elmi Konfrans həyata keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin direktoru, t.ü.f.d. Fariz Babayev konfrans iştirakçılarını salamlayaraq xroniki böyrək xəstəliyi ilə mübarizədə dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, tədbirin Ümummilli liderin 100 illiyinə ithaf edildiyini vurğulayaraq böyrək xəstəlikləri ilə mübarizədə Ulu Öndərin əvəzolunmaz xidmətləri barədə danışıb. Ölkəmizdə mövcud siyasətin Cənab Prezidenе İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan F.Babayev çıxışının sonunda konfransın işini açıq elan edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev də rəsmi hissədə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Ümumdünya Böyrək Gününün tarixi barədə geniş məlumat verən İ.Əfəndiyev xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O, Mərkəzi Gömrük Hospitalında uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərildiyini vurğulayıb. İ.Əfəndiyev böyrək transplantasiyası sahəsində həm maddi texniki baza, həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd edib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq əməkdaş qurumlarla birgə səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalının mövcud təcrübəsinin paylaşılması istiqamətində elmi tədbirlər həyata keçirdiyini vurğulayan İ.Əfəndiyev çıxışının sonunda konfrans iştirakçılarını interaktiv müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
Konfransın rəsmi hissəsində eyni zamanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılov da çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüblər.
Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, Mirməsim Məmmədov, AMEA-nın müxbir üzvü, Urologiya kafedrasının müdiri, t.e.d., professor Südeyf İmamverdiyev və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılovun moderatorluğu ilə “Böyrək xəstəliyinin diaqnoz və təqibindəki yeniliklər" paneli ilə öz işinə davam edib.
Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə həyata keçirilən konfransda digər məruzəçilərlə yanaşı Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov “Diabetik nefropatiya- inkişaf edən pandemiya”, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu “Xronik böyrək çatışmazlığı zamanı hipertoniyanın müalicəsində renal denervasiyanın rolu", Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Gülnar Nuriyeva "Hamiləlik və sidik yolları infeksiyaları", Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov "Fərqli ortotopik urinar diversiyaların böyrək funksiyaları baxımından dəyərləndirilməsi", Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov "Hidronefroza müasir baxış" və Mərkəzi Gömrük Hospitalının uroloqu Samir Ağalarov "Böyrək törəmələrinin diaqmostika və müalicəsindəki yeniliklər" mövzularında məruzələrlə çıxış ediblər.
Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın tədbir zalında 100-ə yaxın müvafiq ixtisaslı həkimin iştirakı ilə həyata keçirilən elmi konfrans günün ikinci yarısı “Xroniki böyrək xəstəliyi: Səbəb hər zaman böyrək deyil!”, “Xroniki böyrək xəstəliyinin uroloji səbəbləri” və “Böyrəkəvəzedici müalicələrdə müasir aspektlər” başlıqlı panellərlə öz işini davam etdirib.
Qeyd edək ki, 4 paneldə ümumilikdə 17 məruzənin təqdim olunduğu Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.
Son xəbərlər