Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Ümummilli lider Heydər Əliyev deyirdi:“Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər”.
Bu böyük şəxsiyyətin layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində respublikamız sürətlə iqtisadi yüksəlişə nail olub. O, gənclərə inanır, onlara etimad göstərir. Yüksək savad və qabiliyyətə malik gənc kadrlara mühüm dövlət vəzifələri həvalə edir. Gənclərin önə çəkilməsi, müxtəlif layihələrə cəlb olunması Prezident İlham Əliyevin dövlət və özəl qurumlara da əsas tövsiyələrindəndir.
Azərbaycan Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi yaradılıb.
Ümumilikdə gömrük orqanlarında ilkin olaraq 121 nəfər könüllü gömrükçü fəaliyyət göstərəcək. Cəlb olunan könüllülərdən 10 nəfər iyun ayının 24-dən etibarən Mərkəzi Gömrük Hospitalında 4 ay müddətində könüllülük fəaliyyəti göstərəcək. Bununla əlaqədar olaraq Mərkəzi Gömrük Hospitalında çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalın nümayəndələri iştirak ediblər.
Könüllü gömrükçülər bir neçə qrupa bölünərək Mərkəzi Gömrük Hospitalın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər.
Qeyd edək ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.
Son xəbərlər