15 avqust 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər üçün açıq qapı günü keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mərkəzi Gömrük Hospitalının müxtəlif tibbi sahələr üzrə şöbə rəisləri, həkimlər, rezidentlər və digər əməkdaşlar iştirak ediblər.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım rezidentləri salamlayaraq Mərkəzi Gömrük Hospitalında rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi, öz sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılan şərait, o cümlədən elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Rəis müavini Şahlar Mirqasım bildirib ki, hal-hazırda Mərkəzi Gömrük Hospitalında 24 rezident uğurla təhsil alır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, rezidentlər təhsil aldıqları müddətdə müxtəlif beynəlxalq mübadilə proqramlarında iştirak etmək imkanlarından faydalana bilərlər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin bir çox xarici ölkələrin aparıcı tibb müəssisələri ilə əməkdaşlığı çərçivəsində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında rotasiya proqramlarında iştirak etməsi üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
Baş həkim Bəxtiyar Musayev çıxışında qeyd edib ki, Mərkəzi Gömrük Hospitalı 2008-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində ölkənin qabaqcıl tibb ocaqlarından birinə çevrilib. Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.
B.Musayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2022-ci ilin sentyabr ayından etibarən Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Azərbaycan Tibb Universiteninin, o cümlədən 2 saylı Bakı Baza Tibb kollecinin tələbələrinə praktiki dərslər tədris olunur. Tədris prosesində tələbələrin Mərkəzi Gömrük Hospitalında uğurla icra olunan orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi və digər mürəkkəb əməliyyatları müşahidə etməsi onların bilik-bacarıqlarının artırılmasında xüsusi rol oynayır.
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının fəaliyyəti barədə, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayeva, Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Leyla Qaçaylı, Efferent Nefrologiya şöbəsinin həkimi Şəbnəm Qədiməliyeva rezidentura təhsili müddətində təcrübələri barədə çıxış ediblər.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov çıxış edərək ixtisas seçimi ilə bağlı tövsiyələrini veriblər. Tədbirin rəsmi hissəsindən sonra tədbirdə mama-ginekologiya, ümumi cərrahiyyə, otorinolorinqologiya, ürək-damar cərrahiyyəsi, terapiya, hematologiya, urologiya, neonotologiya və digər sahələr üzrə rezidentuta təhsili almaq istəyən 40-a yaxın gənc həkim şöbələrin fəaliyyəti və rezidentlər üçün yaradılmış şərait ilə əyani şəkildə tanış olublar. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Son xəbərlər