11 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda Elmi Konfrans həyata keçirilib.
Açılış nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov iştirakçıları salamlayaraq Mərkəzi Gömrük Hospitalının yalnız müalicə və müayinə işinin təşkili ilə bağlı deyil həm də elmi-təcrübi mübadilənin həyata keçirilməsi aspektindən də Azərbaycan səhiyyəsində öz uğurlu yerini aldığını qeyd edib. Mərkəzi Gömrük Hospitalının funksional və laborator diaqnostika üzrə imkanlarının bu sahədə olan ən son dünya standartlarına tam cavab verdiyini qeyd edən E.Məmmədov Hospitalın tibbi laboratoriyasının tibbi xidmətlərin yüksək keyfiyyətinə, analiz nəticələrinin düzgünlüyünə, sənədlərə nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl yüksək səviyyədə xəstə məmnunluğuna zəmanət verən ISO 15189:2012 sertifikatına layiq görüldüyünü və hər il bu sertifikasiyadan uğurla keçdiyini vurğulayıb. Sidik yollarının müalicə və diaqnostikası sahəsində yerli və beynəlxalq təcrübənin öyrənilməsinin nəzəri və praktiki əsaslarının vacibliyi barədə fikirlərini bölüşən E.Məmmədov çıxışının sonunda Konfransın işinə uğurlar arzu edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva da çıxış edərək sidik yollarının infeksiyalarının müalicə və diaqnostikasına kompleks yanaşmanın vacibliyi barədə fikirlərini bölüşüb və konfrans iştirakçılarını sual-cavab və müzakirə sessiyalarında aktiv olmağa dəvət edib.
Proqrama uyğun olaraq qabaqcıl dövlət və özəl tibb müəssisələrində çalışan laborant, virusoloq, mikrobioloq, uroloq, infeksionist, uşaq cərrahı, histomorfoloq ixtisasına malik həkimlərin, o cümlədən rezidentlərin iştirak etdiyi Konfransın elmi hissəsində sidik yolları infeksiyalarının diaqnostika və müalicəsi ilə bağlı tibbin ən son yeniliklərini özündə əks etdirən məruzələr təqdim edilib, sual-cavab və müzakirə sessiyaları təşkil edilib.
Hibrid formatda həyata keçirilən konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı qazanıb.
Son xəbərlər