Mərkəzi Gömrük Hospitalına ağır vəziyyətdə daxil olan xəstə - “HB Güven” klinikasının həkimi, ümumi cərrah Dr.Niyazi Eminov COVID-19 xəstəliyindən müalicə olunaraq sağalıb.Sentyabrın 29-da evə yazılan Mərkəzi Gömrük Hospitalının pasiyenti Niyazi Eminov bu barədə deyib: Ilk olaraq sağlamlığıma qovuşduğum üçün çox sevincliyəm.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səhiyyəmizin inkişafına göstərdikləri diqqət və qayğının təzahürüdür ki, Mərkəzi Gömrük Hospitalı kimi tibb ocaqları və burada tətbiq olunan yüksək texnologiyalar, eləcə də hospitalın təmin olunduğu müasiq tibbi avadanlıqlar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir və mən öz adımdan, ailəm adından dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Hospitalın ən böyük dəyəri isə burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir.
Mənim ölümdən dönməyimdə əməyi keçən bütün həkim briqadasına - baş həkimin rəhbərliyi və nəzarəti altında çalışan həkimlərə və tibbi personalın hər bir üzvünə təşəkkür edirəm, onlara çox məsul və ağır işlərində uğur arzulayıram. Mən, həmçinin, ən müasir avadanlıqlarla təchiz edilən bu hospitalda dövrün ən təhlükəli, ölüm saçan xəstəliyi - COVID-19-la mübarizədə həkimlər üçün gözəl şərait yaratmış Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və hospitalın baş həkimi Elman Məmmədova dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətlərində uğur diləyirəm”.
Niyazi Eminovun müalicə olunub sağalmasında hospitalın reanimasiya və intensiv terapiya şöbəsinin əməkdaşlarının əməyini qeyd etmək yerinə düşər. Şöbənin rəisi Dr.Tural Sadıqovun rəhbərliyi altında reanimatoloqlar - Dr.Mehdi Əliyev, Dr.Rəşad Nəsirli, Dr.Könül Həsənova, Dr.Təranə Göyüşova, Dr.Xəyal Məmmədov, Dr.Sevda Quliyeva, Dr.Mirmənsim Məmmədovdan ibarət peşəkar həkim briqadası ən ağır COVID-19 xəstələrinin müalicəsini uğurla icra edirlər.
Hospitalın pasiyenti Niyazi Eminov COVID-19 xəstəliyinə sentyabrın 10-da yoluxub, ilkin müalicəsini ev şəraitində alıb. Vəziyyəti ağırlaşdığından sentyabrın 16-da “Yeni klinika” tibb müəssisəsinə yerləşdirilib və müalicəsini orada davam etdirib.
Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, pasiyent Niyazi Eminov vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulub, ECMO aparatına qoşulma ehtiyacı olduğundan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Şöbəyə qəbul zamanı xəstənin vəziyyəti kritik olub: ağciyər zədələnməsi ən yüksək həddə olan xəstə 100% oksigenlə süni tənəffüs aparatında və 86% saturasiya ilə qəbul edilib.
Dərhal intensiv müalicəyə başlanılıb, şöbə həkimlərinin - reanimatoloqlar və hospitalın tibbi heyətinin səyi nəticəsində ECMO aparatına qoşulmadan xəstənin vəziyyətində müsbət dinamika əldə edilib. Sentyabrın 24-də isə artıq xəstə oyadılaraq süni tənəffüs aparatından ayrılıb. Hazırda Niyazi Eminov ev şəraitində müalicəsini davam etdirir və vəziyyəti stabildir.
Son xəbərlər