İyulun 16-da Mərkəzi Gömrük Hospitalında Azərbaycanla İtaliya arasında tibbin inkişafı və bu sahədə gələcək əməkdaşlığın qurulmasına dair görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, İtaliyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi professor Françesko Naccarella, İtaliya səfirliyinin rəsmisi və digər rəsmi şəxslər iştirak ediblər.
Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycan və İtaliya prezidentlərinin siyasi iradəsi sayəsində bu gün iki ölkə arasında qeyri-neft sektorunun inkişafı və ölkələrarası əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri hesab olunur. Ceyhun Məmmədov vurğulayıb ki, bu baxımdan İtaliya Respublikası ilə tibb sahəsində də əlaqələrin genişləndirilməsi Azərbaycan səhiyyəsi üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan-İtaliya birgə əməkdaşlıq layihəsindən də söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanla İtaliya arasında qeyri-neft sektorunun inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi üzrə hazırlanmış Fəaliyyət Planına görə bu layihədə Mərkəzi Gömrük Hospitalın iştirakı da nəzərdə tutulub.
Professor Françesko Naccarella çıxışında Mərkəzi Gömrük Hospitalında təcrübəli mütəxəssislərin olduğunu sevindirici hal hesab edib. İtaliyalı mütəxəssis bildirib ki, gələcəkdə tibb sahəsində təhsil alan tələbələr və rezident həkimlər, aktiv fəaliyyət göstərən həkimlər və tibb bacıları ölkələrarası təcrübə mübadiləsində iştirak edəcəklər. Professor qeyd edib ki, nəzərdə tutulmuş layihə çərçivəsində Mərkəzi Gömrük Hospitalı ilə İtaliyanın tibb müəssisələri arasında Uşaq Kardiocərrahiyyəsi və Xəstəxana İdarəetməsi istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın qurulması da planlaşdırılır.
Görüşün sonunda maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, daha sonra qonaqlar xəstəxana ilə yaxından tanış olublar.
Son xəbərlər