XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 17 iyun - Səhiyyə işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib

İyunun 17-də Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə bayramı Gününə həsr edilmiş tədbir keçirilib.


Tədbirdə ilk öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı video-müraciət dinlənilib. Video-müraciətdə Komitə sədri Mərkəzi Gömrük Hospitalının fəaliyyətini yüksək qiymətləndirərək bütün tibb işçilərini  peşə bayramı münasibətilə təbrik edib, onlara çətin, müqəddəs və şərəfli işlərində uğurlar arzulayıb. Səfər Mehdiyev Azərbaycanda səhiyyə sisteminin inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun uzaqgörən siyasətinin nəticəsi olaraq qısa zaman kəsiyində bu sahədə uğurlu addımlar atıldığını bildirib.   


O da vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən səhiyyə sahəsində həyata keçirilən islahatlar, ən müasir avadanlıqlarla təchiz edilən yeni xəstəxanaların inşa olunması,  tibb xidmətlərinin əlçatanlığının təmin edilməsi, iri şəhərlərlə yanaşı, ucqar yaşayış məntəqələrində də səhiyyə ocaqlarının fəaliyyətə başlaması dövlətimiz tərəfindən insanların sağlamlığına verilən dəyərin göstəricisisdir.


Komitə sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədəki  fəaliyyətini xüsusilə qeyd edib, Heydər Əliyev Fondu tərəfindən keçirilən xeyriyyə aksiyaları çərçivəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən minlərlə insanların müayinə və müalicə alaraq sağlamlıqlarına qovuşduqlarını bildirib. Səfər Mehdiyev  xüsusilə, COVİD-19 pandemiyası dövründə Tibb Xidməti İdarəsi və Mərkəzi Gömrük Hospitalının səmərəli fəaliyyətinin ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü əsasında 20 ildir 17 iyunun tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini  ölkənin sosial inkişafında, əhalinin sağlamlığının qorunmasında əvəzsiz rolu olan səhiyyə işçilərinə diqqət və qayğının nümunəsi olduğunu vurğulayıb.   


Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin davam etdirildiyini diqqətə çatdıran Ceyhun Məmmədov əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən xidmətlərin formalaşdırılması istiqamətində məqsədyönlü addımların atıldığını diqqətə çatdırıb.  Ceyhun Məmmədov çıxışının sonunda ölkəmizdə keyfiyyətli tibbi xidmətlərin göstərilməsində, eyni zamanda hər iki cəbhədə zəfərə aparan yolda müstəsna xidmətləri olan ölkəmizin səhiyyə işçilərini və onların timsalında hospitalın bütün əməkdaşlarını təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.


Tədbirdə çıxış edən Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov koronavirusla mübarizə və  Vətən müharibəsinin gedişində Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyəti üçün həm tibbi personal, həm də maddi texniki təchizat baxımından işin ardıcıl və sistemli şəkildə təşkili barədə məlumat verib. Hər iki cəbhədə mübarizə aparan tibb işçilərinin ümumi uğurda rolunun xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən Elman Məmmədov bütün personalı təbrik edib, uğurlu fəaliyyətin davamlı olacağına inandığını qeyd edib.


Tədbirdə eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Dr. Rəşad Mahmudov “Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət: dəyişikliklər və inkişaf”, Mərkəzi Gömrük Hospitalın rəis müavini Dr. Bəxtiyar Musayev “Pandemiya ilə mübarizədə Azərbaycan səhiyyə işçisinin rolu-ön cəbhənin qəhrəmanları”, Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi, Vətən müharibəsi iştirakçısı Dr. Racu Nəbiyev “Qalib ölkənin qalib səhiyyə işçisi-müharibədə həkim olmaq” mövzularında çıxışlar ediblər.


Tədbirin sonunda xidmətdə fərqlənən əməkdaşlar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və  Komitənin Tibbi Xidmət İdarəsi tərəfindən xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.


ZOOM platforması üzərindən bütün personalın onlayn şəkildə iştirak etdiyi tədbir sonda Mərkəzi Gömrük Hospitalının tibb işçilərinin fəaliyyətini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.


 foto