Bu gün Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin fəaliyyəti ilə tanış olmuş, Mərkəzi Gömrük Hospitalını ziyarət etmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə Mərkəzi Gömrük Hospitalında Tibbi Xidmət İdarə rəisi Ceyhun Məmmədovla təşkil olunmuş görüş zamanı qonaq Hospitalın imkanları ilə tanış olaraq burada Gömrük Komitəsinin əməkdaşlarına və əhaliyə göstərilən tibbi xidmətlərlə maraqlanmışdır.
Tibbi Xidmət İdarəsinin rəisi C. Məmmədov qonağa, həmçinin, İdarənin strukturu, fəaliyyəti və gələcək planları barədə də ətraflı məlumat vermişdir. İdarə rəisi Ümumdünya Gömrük Təşkilatı ilə yerli və beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinin yaradılmasına ümidvar olduğunu və bu əməkdaşlığın uğurlu olması üçün Tibbi Xidmət İdarəsinin bütün imkanlara malik olduğunu qeyd etmişdir.
Gömrük əməkdaşlarının sağlamlığının qorunması üçün Dövlət Gömrük Komitəsinin strukturunda yaradılmış bu cür yüksək-səviyyəli, müasir dövrün tələblərinə cavab verən tibbi xidmətin olmasından məmnun qalan baş katib digər ölkələrə də Azərbaycanın təcrübəsini öyrənməyə tövsiyə edəcəyini bildirmişdir.
Görüş zamanı ali qonağa Mərkəzi Gömrük Hospitalının 10 illik fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olundu.
Son xəbərlər