XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"Nefrologiyanın aktual problemləri" mövzusunda Elmi Konfrans yekunlaşıb

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 9.jpg

10 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, Azərbaycan Nefroloqlar Cəmiyyətinin, Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin və “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “10 mart Ümumdünya Böyrək Günü"nə həsr edilmiş "Nefrologiyanın aktual problemləri" mövzusunda Elmi Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.


Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin direktoru, Azərbaycan Nefroloqlar Cəmiyyəti İctimai Birliyinin sədri, t.ü.f.d. Fariz Babayev konfrans iştirakçılarını salamlayaraq xroniki böyrək xəstəliyi ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib və bu sahədə mütəxəssislərarası təcrübə mübadiləsinin vacib əhəmiyyətə malik olduğunu qeyd edib. Birgə əməkdaşlıqla həyata keçirilən tədbirin həkimlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi istiqamətində də mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Fariz Babayev çıxışının sonunda konfransın işinə uğurlar arzu edib.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev də rəsmi hissədə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Ümumdünya Böyrək Gününün tarixi barədə geniş məlumat verən İ.Əfəndiyev xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O, Mərkəzi Gömrük Hospitalında pandemiyadan əvvəlki dövrdə uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyini vurğulayıb və böyrək transplantasiyası sahəsində həm maddi texniki baza həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd edib. 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq əməkdaş qurumlarla birgə səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalının mövcud təcrübəsinin paylaşılması istiqamətində elmi tədbirlər həyata keçirdiyini vurğulayan İ.Əfəndiyev çıxışının sonunda konfrans iştirakçılarını interaktiv müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.


Konfransın rəsmi hissəsində eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov da çıxış edib və mövzunun aktuallığına dair fikirlərini bölüşüb. Xronik böyrək xəstəliyindən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq səhiyyə islahatlarının həyata keçirildiyini qeyd edən İ.Məmmədov icbari tibbi sığortanın uğurlu tətbiqinin bu sahədə müsbət nəticələrin əldə edilməsində mühüm rola malik olduğunu vurğulayıb.


Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi, Ege Hospitalın nefroloqu Barat Yusubov və Medservis özəl tibb mərkəzinin direktoru Hikmət İsmayılovun moderatorluğu ilə “Böyrək zədələnmələri: Müalicə və diaqnostikada yeniliklər” paneli ilə öz işinə davam edib. 


Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə həyata keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov tərəfindən “Diabetik nefropatiya: SGLT2 inhibitorları”, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva tərəfindən “Böyrək çatışmazlığında antibiotiklərdən istifadə”, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası PHŞ-in Hemodializ şöbəsinin nefroloqu, t.ü.f.d. Hafiz Ağayev tərəfindən “Ambulator şəraitdə nefroloji xəstələrin müşahidə və müayinə prinsipləri” və Akademik M.C.Cavadzadə adına Klinik Uroloji Xəstəxanası PHŞ-in Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. Rüfət Əhədov tərəfindən “Hemodializ yoxsa periton dializi?” mövzularında məruzələrinin dinlənilib.


Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın tədbir zalında 80 nəfər müvafiq ixtisaslı həkimin iştirakı ilə həyata keçirilən elmi konfransda 3 paneldə ümumilikdə 14 məruzə təqdim edilib. 
Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.

 

 foto