XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda Dəyirmi masa keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 8.jpg
  • 7.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 14.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg

20 dekabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda Dəyirmi masa keçirilib.


Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev,  Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər qurumların nümayəndələri  iştirak ediblər. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, ölkəmizdə son vaxtlar müsbətə doğru bir çox dəyişikliklər olub. Səhiyyə Nazirliyi nəzdində transplantasiya üzrə Koordinasiya Mərkəzi artıq tam həcmdə işinə başlayıb, digər tərəfdən, İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfinə orqan transplantasiyası əməliyyatları da daxil edilmişdir. C.Məmmədov qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qaraciyər və böyrək transplantasiyası əməliyyatlarına ehtiyacı olan xəstələrin sayı artmaqdadır. 


Xatırladaq ki, Azərbaycanda ötən il qüvvəyə minən transplanrasiya haqqında yenilənmiş qanuna əsasən həm canlı, həm də meyit orqanlardan istifadə etməklə orqan transplantasiyası əməliyyatlarının edilməsinə imkan yaradılıb. 
Dəyirmi masada Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi “Orqan transplantasiyası: mövcud təcrübə və hədəflərimiz” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, ölkəmizdə və regionda orqan transplantasiyası əməliyyatları 12 dekabr 2008-ci ildən aktiv olaraq həyata keçirilməyə başlamışdır. Bu günə qədər Azərbaycanda yerli mütəxəssislər tərəfindən 2000-ə yaxın insan üzərində orqan transplantasiyası əməliyyatı uğurla icra olunmuşdur. 


Dr.Mircəlal Kazımi qeyd edib ki,  hazırda Azərbaycanda yalnız qaraciyər və böyrək köçürülməsi əməliyyatları icra edilir və biz bununla kifayətlənməməliyik. Tezliklə ölkəmizdə digər orqan və toxumalar: mədəaltı vəz, bağırsaq seqmentləri, ətrafların transplantasiyası əməliyyatları da icra olunmalıdır ki, bunun üçün meyit orqanlarından istifadə üçün şərait yaradılmalıdır. 


Azərbaycanda həyata keçirilən transplantasiya əməliyyatlarının uğurlu icrası istiqamətində atılan addımların effektiv təşkilində qurumlararası əməkdaşlığın rolunun artırılması məqsədilə təşkil olunan Dəyirmi masada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Transplantasiya mərkəzləri ilə işin koordinasiyası”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva “Orqan transplantasiyası xidmətlər zərfində orqan toxuma əməliyyatları”,  Mediland Hospitalın anestezioloq-reanimatoloqu, t.ü.f.d Dos. Dr. Qulam Rüstəmzadə “Kadavra transplantasiyasına gedən yol: Beyin ölümünün təyini və qarşılaşdığımız problemlər” mövzusunda məruzələrlə çıxış ediblər.


Dəyirmi masada eyni zamanda orqan transplantasiyaları icra edilən mərkəzlərin həkimlərinin,  transplantasiya üzrə koordinasiya mərkəzlərinin üzərinə düşən öhdəliklər, İcbari Tibbi Sığorta tərəfindən hansı dəyişikliklərin olacağı barədə məsələlər müzakirə olunub.