17 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma - yeni texnologiyaların tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.
Konfrans Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin açılış nitqi ilə öz işinə başlayıb.
Transplantologiyanın müasir təbabətin ən mürəkkəb sahələrindən biri olduğunu vurğulayan İsmayıl Əfəndiyev dünyada və Azərbaycanda müvafiq sahənin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. O, Mərkəzi Gömrük Hospitalının pandemiyadan öncəki müddətdə orqan transplantasiyası əməliyyatlarının uğurla icra edildiyi tibb müəssisələrindən biri olduğunu vurğulayıb və post pandemiya dövründə də bu sahədə olan uğurlu fəaliyyətin davam etməsi üçün Mərkəzi Gömrük Hospitalında istər maddi-texniki bazanın gücləndirilməsi, istər də kadr potensialının artırılması istiqamətində müvafiq işlərin görüləcəyini qeyd edib. İsmayıl Əfəndiyev çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzu edərək konfransın işini açıq elan edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi və İstanbul Aydın Universiteti Tibb Fakultəsinin professoru Hüseyin İlksen Toprak da çıxış edib.
Rəsmi açılış hissəsindən sonra konfrans günün birinci yarısında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi və İstanbul Aydın Universiteti Tibb Fakultəsinin professoru Hüseyin İlksen Toprakın moderatorluğu ilə “Qaraciyər transplantasiyasında anesteziya”, günün ikinci yarısında isə Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Qulam Rüstəmzadə və Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirlinin moderatorluğu ilə “Qaraciyər transplantasiyasında reanimasiya” paneli ilə öz işinə davam edib.
200-dən çox dinləyicinin ZOOM platforması üzərindən onlayn olaraq iştirak etdiyi konfransda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı anestezioloq-reanimatoloqları və Türkiyənin professor heyəti tərəfindən transplantasiya əməliyyatları üçün vacib nüanslardan olan anesteziya və reanimasiya işinin təşkili və bu sahədə müasir texnologiyaların tətbiqi ilə bağlı elmi məruzələr təqdim edilib, suallar cavablandırılıb.
Qeyd edək ki, ZOOM platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanmışdır
Son xəbərlər