XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"Şəkərli Diabet Xəstəliyinə Müasir Yanaşma: Problemlər və Gələcək Hədəflər" mövzusunda Vebinar keçirilib

12 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilmiş "Şəkərli Diabet Xəstəliyinə Müasir Yanaşma: Problemlər və Gələcək Hədəflər" mövzusunda Vebinar həyata keçirilib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək dinləyiciləri salamlayıb. O, deyib: “14 noyabr – Ümumdünya Diabet Günü Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) birgə qərarına əsasən 1991-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd edilməkdədir. Hazırda dünyada 422 milyon nəfər şəkərli diabetli xəstəsi var. Hər on ildə bu say 2 dəfə artır. Nəticə etibari ilə insanlar arasında günü-gündən daha da çox yayılan, gəncləşən və ağır fəsadlaşmalara gətirib çıxaran bu xəstəlik təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına gətirib çıxaran bir hadisədir. Bu baxımdan təbii ki, diabetlə mübarizədə cəmiyyətdəki hər bir fərdin marağı olmalıdır. Xüsusən mövcud pandemiya şəraitində risk qrupuna daxil olan diabet xəstələrinin uğurlu müayinə və müalicə prosesinin təşkil edilməsi pasiyentlərimizin sağlamlıqlarına qovuşması baxımından mühüm əhəmiyyət kəsb edir.” 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən təşkil edilən tədbirlərə göstərilən yüksək marağa görə dinləyicilərə təşəkkürünü bildirən İ.Əfəndiyev çıxışının sonunda vebinarın işinə uğurlar arzu edərək tədbiri açıq elan edib.


Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov vebinar iştirakçılarını salamlayaraq şəkərli diabetlə mübarizədə ölkə səviyyəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini və qanunverici bazanın prosesdəki rolunu xüsusi vurğulayan R.Mahmudov çıxışının sonunda vebinarın ərsəyə gəlməsində əməyi olan təşkilati komandaya təşəkkür edərək, hərkəsə uğurlar arzu edib.


Vebinarın rəsmi açılış hissəsində eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, t.e.d. Valeh Mirzəzadənin video-müraciəti də dinlənilib. 


Rəsmi açılış hissəsindən sonra Azərbaycan Diabet Liqasının sədri, Beynəlxalq Diabet Federasiyasının üzvü, Respublika Endokrinoloji Mərkəzin aparıcı həkim-endokrinoloqu Dr.Yeganə Sultanovanın moderatorluğu ilə vebinarın elmi hissəsi öz işinə başlayıb. Elmi hissədə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri-damar cərrahı Dr. Səbuhi Dadaşov “Kardiovaskulyar (damar) xəstəlikləri və diabet”, şöbə rəisi, həkim-nefroloq Dr. Mirmənsim Məmmədov “Diabetik nefropatiya”, həkim-oftalmoloq Dr. Aynurə Əliyeva “Diabetik retinopatiya” və həkim- endokrinoloq Dr. Naidə Novruzova “Koronaviruslu xəstələrdə diabetin idarəedilməsi” mövzularında məruzələrlə çıxış ediblər. 


Sual-cavab sesiyaları və müzakirələr vasitəsilə interaktiv şəkildə həyata keçirilmiş vebinarda 200-ədək həkim iştirak edib, dinlənilən məruzə və təqdimatlar maraqla qarşılanıb. 


Vebinar eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi faceook səhifəsi üzərindən də canlı yayımlanıb.

 

 foto