XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışı problemi və transplantasiya" mövzusunda Elmi Konfrans keçirildi

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə 20 aprel 2021-ci il tarixində Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışı problemi və transplantasiya" mövzusunda Elmi Konfrans keçirildi.


Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk növbədə konfrans iştirakçılarını salamladı və konfransın transplantalogiya sahəsində praktik nəticələrin əldə edilməsində öz töhfəsini verəcəyinə inandığını qeyd etdi. Ölkəmizdə transplantologiya sahəsində olan inkişafın nümunəsi kimi Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin fəaliyyəti və burada icra edilən uğurlu transplantaloji əməliyyatlar barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi çıxışı zamanı həmçinin Tibb elmləri doktoru Fəxrəddin Cavadovun səhiyyə sahəsində olan unudulmaz fəaliyyətinə də toxundu. Orqan bağışı məsələsinin həll yolu tapmasında cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirakının vacib olduğunu qeyd edən Ceyhun Məmmədov çıxışının sonunda konfransın işinə uğurlar arzu etdi.


Onlayn Konfransın açılış mərasimində həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov da çıxış etdilər.


Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışı zamanı konfransın aktual problemə həsr olunduğunu və ölkəmizdə orqan nəqlinə olan ehtiyacın ödənilmədiyini qeyd etdi. Keçən il orqan transplantasiyası üzrə qəbul edilmiş və ilin sonunda Prezident tərəfindən təsdiq edilmiş qanun layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qanunda bütün aspektlərin, o cümlədən meyiddən orqan nəqli, donor bankının yaradılması, orqan bağışına hazırlanma prosesi, xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlərin də öz əksini tapdığını qeyd etdi. Hal-hazırda bu qanunun həyata keçirilməsi üçün icra mexanizmlərinin hazırlanmasının, təbliğat işlərinin aparılmasının qarşıda duran əsas vəzifələr olduğunu vurğulayan Milli Məclisin Səhiyyə Komitəsinin sədri sonda konfrans iştirakçılarına uğurlar arzu etdi.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı 1991-ci ildə ÜST tərəfindən Transplantasiya üzrə Rəhbər Prinsiplərin qəbul edildiyini və bu sənədin 2010-cu ildə yeniləndiyini qeyd etdi. Ayrı-ayrı ölkələr arasında transplantasiya sahəsində, o cümlədən meyiddən orqan köçürülməsi sahəsində fərqliliklər mövcud olduğunu qeyd edən Hande Harmancı bu fərqliliklərin arxasında sosial, mədəni, dini səbəblər dayansa da əsas faktorlar səhiyyə qurumlarına olan etimadın, güvənin təmin edilməsi, əhali arasında təbliğatın aparılması olduğunu vurğuladı.  


Konfransın açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi və Konfransın sədri Dr.Rəşad Mahmudov ilk növbədə mövzu ilə əlaqəli fikirlərini bölüşdü, Tibb elmləri doktoru Fəxrəddin Cavadovun bu sahədəki mühüm addımları barədə məlumat verdi və “Zəif nöqtəmiz haradadır? Problemə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxış.” mövzusunda məruzə ilə çıxış etdi.


Eyni zamanda konfransın gedişində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Dr.Mircəlal Kazımi “Ölkəmizdə orqan transplantasiyasında 10 illik təcrübə”, Türkiyənin ilk orqan nəqli koordinatoru Dr.Ata Bozoklar “Orqan və toxuma transplantasiyası işinin inkişafında orqan bağışı və mərkəzləşdirilmiş koordinasiya xidmətinin əhəmiyyəti. Bu sahədə Türkiyə təcrübəsi”, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Dr.Qulam Rüstəmzadə "Beyin ölümü diaqnozu kriteriyaları:diaqnoz necə və kim tərəfindən qoyulmalıdır?”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Orqan bağışı: psixoloji faktorlar; problemlər, perspektivlər.” mövzuları üzrə təqdimatlarla çıxışlar etdilər. 


Konfrans zamanı Tibb elmləri doktoru Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov da çıxış edərək təşkilati komandaya təşəkkür etdi və transplantalogiya sahəsi üzrə problemlərin həlli istiqamətində çalışan hərkəsə uğurlar arzu etdi.


Onlayn olaraq 200-dən çox dinləyicinin iştirak etdiyi konfransda sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.


 foto