28 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Toksikoloqlar Dərnəyinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.
Simpoziumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxış edərək tədbir iştirakçılarını salamlayıblar.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Azərbaycanda zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması kimi problemin aktual olduğunu qeyd edərək, 30 il işğal altında olan torpaqların baxımsız qaldığını, yaşayış olmadığını vurğulayaraq, hazırda burada quruculuq işlərinin aparılmasından, məcburi köçkünlər öz doğma yudrlarına qayıtmasından danışaraq, bununla əlaqədar həmin regionlarda xüsusilə də, yay aylarında ilanların, hörümçəklərin, əqrəblərin, zərərli həşəratların çoxaldığını bildirib. Həmçinin, İdarə rəisi Ceyhun Məmmədov bununla əlaqədar insanların maarifləndirilməsi məqsədilə çap edilmiş “Zəhərli ilanların, hörümçəklərinin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait haqqında məlumat verib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin əhəmiyyətindən danışaraq, bu kitabdan böyük bir tirajla təkcə kitabxanalarda deyil, məktəblərdə də tədrisin bir hissəsi olaraq müxtəlif formalarda istifadə edilməsinin önəmini vurğulayıb. O, qeyd edib ki, ölkəmizdə hazırda bu vəsait həm ölkə vətəndaşları üçün, həm də səhiyyə işçiləri üçün çox vacib məlumatları ehtiva edir.
Elmi Simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, Mərkəzi Gömrük Hospitalının Təcili Yardım həkimi Leyla Fətullayeva “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr ediblər. Simpozium müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçirilib.
Elmi Simpoziumda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloqlar və rezidentlər iştirak ediblər.
Elmi Simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Son xəbərlər