10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçirilib.
Konqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
Hibrid formatda 500-ədək dinləyicinin iştirakı ilə həyata keçirilən Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dinləyici və qonaqları salamlayıb. İlk növbədə o, hərkəsi Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Çıxışı zamanı görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi dövründə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən C.Məmmədov hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Pediatriya və neonatologiya sahəsində mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə təşkil edilmiş Konqresin Azərbaycan və Türkiyədən olan həkimlər arasında davamlı əməkdaşlıq imkanları yaradacağına inandığını qeyd edən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək Konqresin işini açıq elan edib.
Konqresin rəsmi açılış hissəsində eyni zamanda Səhiyyə nazirinin müavini t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, t.e.d. Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Türkiyənin Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkaya da çıxış edib.
Konqresin rəsmi açılış hissəsində çıxış edən spikerlər ana və uşaq sağlamlığının qorunması istiqamətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək İdarə rəhbərliyinə təşəkkür ediblər. Konqresin rəsmi açılış hissəsi Mərkəzi Gömrük Hospitalının Neonatologiya və pediatriya şöbəsinin fəaliyyətini əks etdirən video-çarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.
Zoom platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının rəsmi facebook hesabı üzərindən də canlı yayımlanan Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunub. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunmuş məruzələrdə ən son tibbi məlumatlar əks olunub.
Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilmiş konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.
Son xəbərlər