9-11 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə həyata keçirilmiş Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres yekunlaşıb.
Konqresin rəsmi açılış hissəsi başlamadan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
500-dən çox mütəxəssisin iştirakı ilə interaktiv şəkildə Zoom platforması üzərindən 3 gün ərzində onlayn şəkildə həyata keçirilmiş konqresin ilk günü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dinləyici və qonaqları salamlayıb. İlk növbədə o, hərkəsi Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Çıxışı zamanı görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən C.Məmmədov hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupuna uğurlu və davamlı əməkdaşlığa görə təşəkkürünü bildirən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək Konqresin işini açıq elan edib.
Konqresin rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı t.e.d Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı, Baku Medical Plaza Klinikasının Pediatriya və neonatologiya şöbəsinin müdiri Dr. Erkin Rəhimov, Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Dr. Ömer Erdeve də çıxış edib.
Rəsmi açılış hissəsindən sonra Konqres Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən 3 gün ərzində 9 paneldə ümumilikdə 27 məruzənin dinlənilməsi ilə həyata keçirilib. Hər bir panel həm Türkiyə, həm də Azərbaycanın peşəkar mütəxəssisləri tərəfindən idarə edilib. Təqdim edilmiş 27 məruzədən 17 məruzə Türkiyənin qabaqcıl Universitet Xəstəxanalarının professor və ekspert heyəti tərəfindən təqdim edilib. Dinləyicilər tərəfindən verilən sualların ətraflı şəkildə izah olunduğu sual-cavab sesiyaları müzakirələr şəklində davam etdirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 24 DTT balı ilə qiymətləndirilmiş Konqres eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
Konqres Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" nın müvafiq yarımbəndlərinin icrasına töhfə vermək məqsədilə təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən elmi tədbirlərin silsilə olaraq davamlı şəkildə təşkil edilməsi planlaşdırılır.
Son xəbərlər