XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Qırğızıstan Respublikasının Səhiyyə nazirinin müavini Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg

8 aprel 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında  Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri ilə tibb sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim Bəxtiyar Musayev, Qırğızıstan Respublikasının səhiyyə nazirinin müavini Bakıtbek Kadıraliyev və  Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin Dərman vasitələri və tibbi ləvazimatlar departamentinin baş mütəxəssisi Akılbek Abduldayev iştirak ediblər.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qonaqları səmimi salamlayaraq, Tibbi Xidmət İdarəsinin fəaliyyəti, əhaliyə və gömrük əməkdaşlarına, onların ailə üzvlərinə göstərilən yüksəkkeyfiyyətli tibb xidmətləri, eləcə də  Mərkəzi Gömrük Hospitalında tətbiq olunan innovativ diaqnostika və müalicə üsulları barədə ətraflı məlumat verib. 


Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev Hospitalda beynəlxalq standartlara uyğun qurulmuş tibbi xidmət sistemi, həyata keçirilən yüksək ixtisaslı əməliyyatlar, o cümlədən meyit donordan böyrək və qaraciyər transplantasiyası, mürəkkəb ürək-damar cərrahiyyəsi, Mitral klip, TAVİ, EVAR və digər unikal invaziv kardioloji müdaxilələrin uğurla icra olunduğunu qonaqların diqqətinə çatdırıb. B.Musayev bu cür görüşlərin təcrübə mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. 
Görüş zamanı tərəflər arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, tibb işçilərinin peşəkar inkişafı, eləcə də dərman vasitələri və tibbi məmulatlar sahəsində birgə fəaliyyət perspektivləri geniş müzakirə olunub. Qırğızıstan Respublikasının səhiyyə nazirinin müavini Bakitbek Kadiraliyev Mərkəzi Gömrük Hospitalının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq üçün bu cür görüşlərin əhəmiyyətini qeyd edib. 


Daha sonra Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsini, palataları, Radiologiya, Təcili Tibbi Yardım və Sığorta şöbələrini ziyarət ediblər. Ziyarət zamanı Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev və Ürək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov nümayəndə heyətini müşayiət edərək, Hospitalın müasir infrastrukturu, texniki imkanları və tətbiq olunan qabaqcıl tibbi xidmətlər barədə ətraflı məlumat veriblər. 
Görüş səmimi tərəfdaşlıq ruhunda baş tutaraq, səhiyyə sahəsində Qırğızıstan ilə səmərəli əməkdaşlığın inkişafı üçün mühüm zəmin formalaşdırdı.