XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

20 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, ilk növbədə konfrans iştirakçılarını noyabrın 16-da Ermənistanın növbəti hərbi təxribat nəticəsində həlak olmuş əsgər və zabitlərimizin timsalında Vətən müharibəsində şəhid olmuş bütün qəhrəmanlarımızı yad etməyə çağırıb. Daha sonra o, çıxışına cənab Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda söylədiyi nitqdən sitatla davam edərək ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. 


“Ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün ölkəmizdə 46 dövlət xəstəxanası ayrılmışdır. Bu ayrılmış xəstəxanalardan biri olan Mərkəzi Gömrük Hospitalı artıq il yarımdır ki, yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dan çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 233 pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunub. Bu xəstələrdən 183-ü ağ ciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş, o cümlədən 16 pasiyentin müalicəsində ekstrakorporal membran oksigenasiyası üsulundan istifadə edilmişdir.”-deyə o, bildirib.


COVID-19 üzərində qələbənin ən effektiv üsulunun vaksinasiya olduğunu vurğulayan C.Məmmədov Azərbaycanda vaksinasiya kampaniyasının uğurlu olmasında dövlət-xalq həmrəyliyinin mühüm rol oynadığını qeyd edib. Çıxışı zamanı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uğurlu əməkdaşlığı barədə də məlumat verən C.Məmmədov çıxışının sonunda konfransın Azərbaycanda koronavirusla mübarizəyə layiqli töhfəsini verəcəyinə inandığını söyləyib və pandemiya dövründə olan fəaliyyətlərinə görə bütün həmkarlarına təşəkkür edərək konfransın işini açıq elan edib. 
Bir çox dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirak etdiyi konfransın açılış hissəsində eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da çıxış edib. 


Rəsmi açılış hissəsindən sonra konfransda Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Dos. Cəlal İsayev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi t.e.d. Rəşad Mahmudovun moderatorluğu ilə “COVİD-19: Erkən dövr fəsadları” paneli öz işinə başlayıb. 150 nəfərin əyani, 500-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi konfransda 2 paneldə azərbaycanlı və türkiyəli aparıcı ekspertlər tərəfindən ümumilikdə 19 məruzənin dinlənilməsi və konfransın panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə aparılması nəzərdə tutulub. Konfransın günün ikinci yarısında Ege Hospitalın həkim-endokrinoloqu Dr. Xəyyam Eyvazov və Mediland Hospitalın həkim-nefroloqu Dr. Elnur Fərəcovun moderatorluğu ilə “COVİD-19: Gecikmiş dövr fəsadları” paneli ilə öz işini davam etdirməsi planlaşdırılır.


Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən 16 yanvar 2021-ci il tarixində 48s nömrəli Sərəncam ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın müvafiq yarımbəndlərinin (2.1.6. vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi; 15.3.3. Postvaksinal ağırlaşmaların təsnifatlaşdırılması (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə); 15.5.1. Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalinin məlumatlandırılması) icrasına töhfə vermək məqsədilə həyata keçirilib.


Hibrid şəkildə həyata keçirilən konfransa olan yüksək maraq nəzərə alınaraq tədbir eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanıbdbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanıb.

 

 foto