XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.

25 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını salamlayıb. O, konfransın Xocalı soyqırımının 30 illiyi ərəfəsində keçirilməsi ilə əlaqədar olaraq konfrans iştirakçılarını Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib. 
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov konfransın rəsmi hissəsini açıq elan edərək mövzu ilə əlaqəli fikirləri bölüşüb. Bütün dünya üçün qlobal təhlükə hesab edilən COVID-19 pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə uğurlu əksepidemik tədbirlərin icra edildiyini vurğulayan E.Məmmədov Mərkəzi Gömrük Hospitalının da 2020-ci ilin iyun ayından etibarən bu mübarizəyə qoşularaq yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olduğunu qeyd edib. O, deyib: “Bu müddət ərzində 1800-dən çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə almmış, onlardan ağır və kritik ağır vəziyyətdə olan 250-dən çox pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunmuşdur. Mərkəzi Gömrük Hospitalında invaziv və qeyri-invaziv respirator dəstək aparatlarına qoşulan xəstələr arasında sağ qalma payı 68,7% təşkil etmişdir və bu rəqəm, Şimali Amerika, Avropa və Asiyada 10000-dən artıq pasiyentin iştirakı ilə aparılmış 24 genişmiqyaslı elmi tədqiqatın orta statistik göstəricilərindən daha yüksəkdir. Azərbaycanda ilk dəfə koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan məhz Mərkəzi Gömrük Hospitalında istifadə olunmuş və bu ilk təcrübə çox uğurlu alınmışdır.” 


Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının xüsusilə pandemiya dövründə gərgin fəaliyyət göstərdiyini və xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində uğurlu şöbələrarası əlaqələndirilmiş iş təşkil etdiyini vurğulayan E.Məmmədov məhz bu səbəblərdən personal daxilində koronavirusa yoluxma faizinin minimum olduğunu qeyd etmişdir. O, çıxışının sonunda konfransın COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan tibb müəssisələrində xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində yerli və beynəlxalq təcrübənin öyrənilməsi üçün faydalı bir platforma olacağına inandığını qeyd edərək konfransın işinə uğurlar arzu edib.


Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) "Strateji inkişaf" departamentinin rəhbəri, t.ü.f.d. Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşı, Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin rəhbəri Tural Qulu da çıxış edib.


Konfransın rəsmi açılış hissəsində çıxış edən qonaqlar pandemiya dövründə tibbi göstəriş olmadan antibiotik istifadəsinin yarada biləcəyi fəsadlar barədə fikirlərini bölüşüblər və müxtəlif aktual tibbi mövzularla bağlı mütəxəssislərarası təcrübə mübadiləsinin təşkilində aktiv fəaliyyətə, eləcə də uğurlu əməkdaşlığa görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və Mərkəzi Gömrük Hospitalına təşəkkür ediblər.


Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayevin moderatorluğu ilə öz işini davam etdirib. Elmi hissədə günün birinci yarısında Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva tərəfindən “Xəstəxanadaxili infeksiyalar: ümumi yanaşma və diqqət edilməli vacib məqamlar”, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva tərəfindən “COVID-19 və xəstəxanadaxili rezistent bakterial infeksiyalar”, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev tərəfindən “COVID-19 və xəstəxanadaxili funqal infeksiyalar”, günün ikinci yarısında isə Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov tərəfindən “COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan tibb müəssisələrində infeksiyaya nəzarətin əsasları-yerli təcrübə”, Florence Nightingale Xəstəxanalar Qrupunun infeksionisti Feride Gökçe Demir tərəfindən “COVİD-19 pandemiyası zamanı xəstəxanadaxili infeksiyalarla mübarizədə Türkiyə təcrübəsi” və Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Mehdi Əliyev tərəfindən “COVID-19 və septik şok” mövzularında təqdimatlar edilib.


Proqrama uyğun olaraq xüsusilə infeksionist, terapevt, cərrah və anestezioloq-reanimatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuş konfrans 300-dən çox müvafiq ixtisaslı həkimlərin iştirakı ilə onlayn şəkildə ZOOM platforması üzərindən interaktiv müzakirə sessiyaları vasitəsilə həyata keçirilib.


ZOOM platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən də canlı yayımlanan konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.

 

 foto