8 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin bir qrup əməkdaşı başda TXİ-nin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov olmaqla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə onun Heydər Əliyev Mərkəzində yerləşən muzeyini ziyarət edib.
Muzeyin bələdçisi nümayəndə heyətinə Ulu öndərin həyat və fəaliyyəti, muzeydə olan sənədlər, eksponatlar barədə ətraflı məlumat verib. Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Üç mərtəbədən ibarət muzeydə Ulu öndər Heydər Əliyevə aid maraqlı faktlar toplanıb, onun sovet dövründə və dövlətimiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması naminə məqsədyönlü fəaliyyətini əks etdirən foto və video materiallar, digər unikal eksponatlar təqdim olunub.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Son xəbərlər