21 iyun 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” çərçivəsində etik dəyərlərin təşviqi və psixoloji dayanıqlığın artırılması məqsədilə “Etik davranış mədəniyyəti və stressin idarə olunması” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim, t.e.d. Bəxtiyar Musayev, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” nəzəri biliklərin və gündəlik praktik fəaliyyətin ayrılmaz hissəsi olaraq hər bir əməkdaş üçün davranış standartlarını müəyyən edən və daim rəhbər tutulmalı olan əsas sənəddir. Rəis müavini Şahlar Mirqasım qeyd edib ki, Etik Davranış Kodeksinin müddəalarına əməl olunması kollektivdə sağlam iş mühitinin formalaşmasına, qarşılıqlı hörmətin və yüksək peşəkarlığın təşviqinə xidmət edir. O, tədbirin əməkdaşların peşəkar etik prinsiplər barədə biliklərinin artırılması və bu dəyərlərin iş həyatında uğurla tətbiqinə şərait yaratması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim, t.e.d. Bəxtiyar Musayev çıxış edərək etik davranış qaydalarına əməl olunmasının səhiyyə sektorunda çalışan hər bir əməkdaş üçün vacib olduğunu, pasiyentlərlə ünsiyyətdə şəffaflıq, hörmət, peşəkar yanaşma və etibarlılıq prinsipləri tibb müəssisələrinin nüfuzunu formalaşdıran əsas amillərdən olduğunu qeyd edib. Baş həkim Bəxtiyar Musayev belə tədbirlərin davamlı keçirilməsinin əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində vacib addım olduğunu xüsusi vurğulayıb.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin izahı” mövzusunda və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, t.ü.f.d., dosent Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: streslə mübarizə üçün nələr edə bilərik?” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar etik davranış qaydaları və stressin effektiv idarə olunması ilə bağlı fikir mübadiləsi aparıb, mövzu ətrafında verilən suallar cavablandırılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Son xəbərlər