25 iyun 2026-cı il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Novartis şirkətinin dəstəyi ilə “Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda elmi-praktiki master-klass keçirilib.
“Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda keçirilən Master-klassın əsas məqsədi dislipidemiya xəstəliyinin müasir diaqnostika və müalicə yanaşmalarının tibbi praktikada tətbiqinin təkmilləşdirilməsi, həkimlərin klinik qərarvermə bacarıqlarının gücləndirilməsi, eləcə də beynəlxalq klinik protokolların yerli səhiyyə sisteminə inteqrasiyasına dəstək göstərilməsi olub.
Master-klassda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və master-klassın işinə uğurlar arzulayıb.O, çıxışında dislipidemiyanın müasir səhiyyə sistemində aktual problemlərdən biri olduğunu, müasir diaqnostika və müalicə yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. İsmayıl Əfəndiyev tədbirin həkim və rezidentlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu dislipidemiyanın ürək-damar xəstəliklərinin əsas risk amillərindən biri olduğunu vurğulayaraq xəstəliyin erkən diaqnostikası, düzgün risk qiymətləndirilməsi və müasir müalicə yanaşmalarının tətbiqinin əhəmiyyətindən bəhs edib və iştirakçıları interaktiv sessiyalarda fəal iştirak etməyə dəvət edib.
Master-klass çərçivəsində İnci Klinikasının baş həkimi Fuad Səmədov “Dislipidemiyanın mövcud müalicəsinin effektivliyinin monitorinqi: klinik icmal” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin qrup işləri həyata keçirilib, lipid mübadiləsinin pozulmalarının etiopatogenezi, kardiovaskulyar risklərin qiymətləndirilməsi, sübuta əsaslanan müalicə strategiyaları, farmakoloji yanaşmalar və pasiyentlərin uzunmüddətli idarə olunması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
Proqrama uyğun olaraq kardioloq, kardiocərrah, endokrinoloq və terapevt ixtisasına malik həkim və rezidentlərin iştirak etdiyi master-klassda klinik halların təhlili və interaktiv sessiyalar vasitəsilə iştirakçıların praktik bilik və bacarıqlarının artırılması təmin olunub.
Master-klass Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya qaydaları üzrə akkreditasiya edilərək 3 DTT balı ilə qiymətləndirilib.
Qeyd edək ki, Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunan tədbirlər səhiyyə sahəsində davamlı tibbi təhsilin inkişafına, həkimlərin peşəkar səriştələrinin artırılmasına və pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
foto
Son xəbərlər