2025-ci ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyər köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib. Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.
Xatırladaq ki, donoru olmayan xəstələrə əməliyyat oluna bilmə şansının verilməsi üçün ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılmışdır. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən icra olunub.
Sevindirici haldır ki, 2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.
12 dekabr 2008-ci ildə Azərbaycan Respublikası və regionda ilk dəfə qaraciyər transplantasiyası və bu günə qədər 1500-ə yaxın insan üzərində orqan transplantasiyası icra edən komanda Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində uğurla fəaliyyət göstərir.
Son xəbərlər