4 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib.
Sosial tibbi aksiya iştirakçıları əvvəl Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıxan Mərkəzi Xəstəxanasında keçirilən tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri səlahiyyətlərini müvəqqəti icra edən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Fərid Bağırzadə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, TXİ rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Naxçıvan Mərkəzi Xəstəxanasının direktoru Fehruz Zehirov, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb personalı və digər rəsmi qonaqlar iştirak ediblər.
Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən bu sosial tibbi aksiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, Mərkəzi Gömrük Hospitalı və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun aksiyaya cəlb edilmiş yüksəkixtisaslı mütəxəssislərindən ibarət tibbi briqadası bir gün ərzində müraciət edən şəhid və qazi ailələrinin üzvlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərəcəklər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov 3 gün ərzində “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən tibbi-sosial xeyriyyə aksiyası zamanı aparıcı mütəxəssislərdən ibarət bir heyətin xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi xidmət göstərməsinin əhəmiyyətindən danışıb. O həmçinin “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda keçirilən elmi konfransın ölkəmiz üçün aktual olan, tibbin ən innovativ sahələrindən biri olan orqan çatışmazlığından əziyyət çəkən insanlara transplantasiya əməliyyatının həyata keçirilməsi metodları, bu əməliyyatların icrası üçün beyin ölümü diaqnozunun vaxtında qoyulması barədə məlumat verib.
Mərkəzi Gömrük Hospitalı və hospitalın rəsmi tərəfdaşı olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi xidmət göstəriblər.
Son xəbərlər