Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi, ümumi cərrah, tibb elmləri doktoru Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov 7–8 noyabr 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 20-ci Azərbaycan-Alman Tibb Günləri Beynəlxalq Elmi Konqresində iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və TƏBİB-in dəstəyi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Alman-Azərbaycan Tibb Assosiasiyası, Almaniyada Azərbaycanlı Həkimlər Birliyi və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə müasir tibbin aktual istiqamətləri, innovativ texnologiyalar və Azərbaycan-Almaniya səhiyyə əməkdaşlığının inkişaf perspektivləri geniş müzakirə olunub.
Konqresin elmi proqramında tibbdə süni intellektin tətbiqi, avtonom robotik cərrahiyyə, laparoskopik və intervensional prosedurlarda real vaxt rejimində naviqasiya sistemləri, radiologiyanın gələcəyi və digər qabaqcıl tibbi texnologiyalar diqqət mərkəzində olub.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Almaniya tibb müəssisələri arasında təcrübə mübadiləsi, Almaniyada xarici həkimlərin peşəkar fəaliyyəti üçün yeni imkanlar, tibbi etika, birgə elmi-tədqiqat qruplarının yaradılması və klinik-elmi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Konqres çərçivəsində noyabrın 8-də iştirakçılar Azərbaycanın Vətən müharibəsində qazandığı Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunmuş yürüşə də qatılıblar. Azərbaycan bayraqları ilə keçirilən yürüş Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzindən başlayaraq Brandenburq darvazasında başa çatıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı müasir tibbi yeniliklərin izlənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkələrarası elmi-klinik əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, beynəlxalq konqres Almaniyanın Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirakçılar üçün 9 DTT krediti ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
Son xəbərlər