XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda Elmi Konfrans keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 7.jpg
  • 6.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin  birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda Elmi Konfrans və Ustad dərsləri (Master klass) keçirilib.


Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev həm öz adından, həm də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından konfrans iştirakçılarını salamlayaraq  müxtəlif patologiyalarda dinamik kontrast MRT müayinəsinə həsr olunmuş konfransın və ustad dərslərin əhəmiyyətini qeyd edib. 


Dr.İsmayıl Əfəndiyev MRT-nin hazırda rutin bir müayinə metoduna çevrildiyini qeyd edərək, hazırda artıq ölkəmizin bütün tibb müəssisələrində, o cümlədən Mərkəzi Gömrük Hospitalında müasir standartlara cavab verən 2 MRT aparatının olduğunu, hətta icbari tibbi sığorta ilə pasiyentləri pulsuz müayinə etməyin mümkünlüyündən danışıb. Dr.İsmayıl Əfəndiyev konfransa bir çox dövlət və özəl tibb müəssisələrinin nümayəndələrinin də qatıldığını xüsusi qeyd edib, konfrans iştirakçılarını bu tədbirdən yararlanmağa, maksimal faydalanmağa, ustad dərslərdən praktik vərdişlər əldə etməyə çağıraraq, bu tədbirin onların gələcək fəaliyyətlərinə təsirini, paylaşılan  bu nailiyyətlərin tətbiqinə imkan verəcəyini vurğulayıb.


Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov və Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev də çıxış edərək  mövzu ilə əlaqəli fikirlərini bölüşüblər və Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov davamlı tibbi təhsilə fayda verə biləcək bu cür tədbirlərin mütəmadi keçirilməsinin ənənə halını almasını müsbət qiymətləndirərək, qeyd edib ki, əvvəllər tibbdə çox geniş istifadə olunmayan ürək patologiyalarında kardiak MRT-nin rolu dünyada inanılmaz bir şəkildə artmışdır. Bu gün tək ürək patologiyalarında deyil, onkoloji xəstəliklərdə, süd vəzi xərçəngində, beyin və s. patologiyalarında da MRT-nin imkanları və üstünlükləri danılmazdır.


Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev bu qurumun yaranmasından və fəaliyyətindən danışaraq, bildirib ki, Azərbaycan Radioloqlar Cəmiyyəti 2015-ci ildə yaranıb və 2019-cu ildə faktiki olaraq dövlət qeydiyyatına alınıb. Y.Əfəndiyevin sözlərinə görə, əgər 2000-ci ildə Azərbaycanda KT və MRT avadanlıqlarının sayı çox az idisə, ötən ildən respublikada 200 KT cihazı və 100-ə qədər MRT cihazları mövcuddur. Bununla əlaqədar olaraq, yüksəkixtisaslı, peşəkar  radioloqların da sayı artmaqdadır. Cəmiyyət ötən ildən etibarən səyyar sessiyalar keçirir, artıq Qusarda, Naxçıvanda, Gəncədə, Salyanda radioloqlar üçün bu cür səyyar sessiyalar təşkil olunmuşdur. Y.Əfəndiyev konfrans iştirakçılarını, radioloqları Cəmiyyətlə əməkdaşlığa dəvət edib.


Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən süd vəzi və prostat xərçəngi, qaraciyər patologiyaları, beyin törəmələri və sellar patologiyalarda MRT müayinələrinin diaqnostik əhəmiyyətinə dair təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Kardiak MRT nələr vəd edir?”, Milli Okologiya Mərkəzinin Radiologiya şöbəsinin rəisi Anar Kazımov “Süd vəzi xərçənginin diaqnostikası və proqnozunda MRT müayinəsinin rolu” mövzuunda, Baku Medical Plazanın radioloqu Ruslan Əsədov “Qaraciyər patologiyalarında dinamik kontrastlı MRT müayinəsinin xüsusiyyətləri” mövzusunda, Baku Medical Plazanın radioloqu Pərviz Kuliyev “Sellar patoliyalarında dinamik kontraslı MRT müayinəsinin əhəmiyyəti”, Liv Hospitalın radioloqu Pərviz Səmədov “Prostat xərçəngi diaqnostikasında MR müayinəsinin xüsusiyyətləri, radioloq Pərvanə Əsgərova “Beyin törəmələrinin diaqnostikası və müalicədən sonrakı radiolojı təqibi” mövzularında çıxış ediblər. Daha sonra Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Beyin perfuziya, traktoqrafiya və spektoskopiya müayinələri” üzrə  Ustad dərsi keçib. 


Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçirilib. 100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi Konfrans zamanı “Beyin perfuziya, traktoqrafiya və spektroskopiya müayinələri” barədə Ustad dərslər də təşkil edilib. Konfrans və Ustad dərslər auditoriya tərəfindən böyük maraqla qarşılanıb.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilmiş Konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən də canlı yayımlanıb.

 

foto