Dekabrın 4-də Mərkəzi Gömrük Hospitalında dünya tibb tarixində ilk dəfə olaraq həyata keçirilən unikal əməliyyata həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransı zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Transplantologiya şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi mətbuat nümayəndələrinə bu nadir əməliyyat barədə ətraflı məlumat verdilər.
Məlumata görə, öncədən Türkiyənin Hacettepe Universitet Xəstəxanasında Uşaq Xəstəlikləri və Metabolizm şöbəsinin mütəxəssisləri tərəfindən beş yaşlı bir xəstədə aşkarlanmış anadangəlmə hiperlipidemiya xəstəliyi Mərkəzi Gömrük Hospitalında aparılan tibbi müayinələr zamanı da təsdiqlənib.
Hiperlipidemiya xəstəliyi zamanı, qanda lipidlər və lipoproteinlərin anormal dərəcədə yüksəlməsi və xolesterinin aterosklerozun inkişafına əhəmiyyətli dərəcədə təsiri nəticəsində ürək-damar xəstəliklərinin inkişafı üçün təhlükəli bir fon yaranır. Uşaqlarda damar divarlarının zədələnməsi nəticəsində bir sıra orqanların funksiyaları pozulur və ürəyin işemik xəstəliyi inkişaf edir. Adətən, anadangəlmə hiperlipidemiyaya düçar olan uşaqlar ən çox 11-12 il yaşayırlar. Tipik olaraq, belə xəstələr kəskin miokard infarktından vəfat edirlər.
Mərkəzi Gömrük Hospitalında xəstənin ailəsinə yeganə müalicə metodu olaraq, pozulmuş metabolizmi normallaşdıracaq bir qaraciyər nəqli əməliyyatı təklif edildi. Kiçik xəstənin donoru isə öz əmisi oldu.
Əməliyyatdan əvvəlki hazırlıq zamanı xəstənin koronar angioqrafiyasının nəticələri ürəyi qanla təmin edən damarların 90% daraldığını göstərdi. Bu isə, xəstənin hər an, o cümlədən mürəkkəb qaraciyər nəqli əməliyyatı zamanı həyatı təhlükə daşıdığını göstərirdi. Beləliklə, 5 yaşlı pasiyentə təcili olaraq başqa bir kompleks əməliyyata ehtiyac duyuldu: döyünən ürək üzərində aorto-koronar şuntlama (AKŞ).
Güclü müasir texniki bazaya və yüksək ixtisaslı mütəxəssislərdən ibarət kollektivə sahib olan Mərkəzi Gömrük Hospitalı bu çağırışa hazır idi. Bir əməliyyat zamanı ardıcıl olaraq aorto-koronar şuntlama (döyünən ürək üzərində!) və qaraciyər transplantasiyasını həyata keçirmək üçün çətin bir qərar verildi.
Beləliklə, 13 Noyabrda, DÜNYADA İLK DƏFƏ olaraq, cərrahlar briqadası tərəfindən aorto-koronar şuntlama (doktor Rəşad Mahmudovun rəhbərliyi altında) və donor qaraciyər transplantasiyası (doktor Mircəlal Kyazimin rəhbərliyi ilə) mürəkkəb bir əməliyyat uğurla həyata keçirildi. Qeyd edək ki, mövcud olan dünya tibbi ədəbiyyatlarında uşaqlar üzərində aparılan bu əməliyyat haqqında heç bir məlumat mövcud deyil.
Mərkəzi Gömrük Hospitalında icra olunmuş bu unikal əməliyyat ölkəmizdəki tibbin sərhədsiz imkanlarını və Azərbaycan həkimlərinin ən yüksək peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirdi.
Məlumat üçün bildirək ki, hal-hazırda azyaşlı pasiyent qənaətbəxş vəziyyətdə xəstəxanadan evə yazılıb və öz ailəsinə qovuşub.
Son xəbərlər